BAKI, 18 fevral — Sputnik. "Azərenerji" ASC "Reabilitasiya Planı"na uyğun olaraq, istilik, su və kiçik elektrik stansiyaları, yarımstansiyalar o cümlədən enerjinin idarəedilməsi üçün dispetçer idarəetmə mərkəzi ilə yanaşı sistem əhəmiyyətli yüksək gərginlikli ötürmə xətlərində də kompleks yenidənqurma və bərpa işləri həyata keçirir. Bu barədə Sputnik Azərbaycan-a "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sistem əhəmiyyətli yüksək gərginlikli ötürmə xətlərində aparılan işlərin bir hissəsi başa çatıb, böyük hissəsi davam edir və edəcək.
Yüksək gərginlikli ötürmə xətlərinin 69 faizi istismar müddətini keçdiyindən onların yenilənməsi təhlükəsizlik baxımından olduqca vacibdir. Bu səbəbdən də ötən ilin sentyabr ayında aparılan kadr islahatlarından sonra başlanan sürətli və növbəli iş rejimi nəticəsində yüksək gərginlikli 330 kV-luq 3-cü İmişli, 220 kV-luq ikidövrəli 1-ci və 2-ci Zabrat, 110 kV-luq 2-ci Göyçay, 1-ci və 2-ci Kimyaçılar, 1-ci, 2-ci, 3-cü, 4-cü "Səkkizinci kilometr" və 1-ci "Əhmətli" hava xətlərində aparılan tikinti yenidənqurma işləri yekunlaşıb.
"Cənub" Elektrik Stansiyası ilə "Xırdalan" yarımstansiyası arasında 220 kV-luq ikidövrəli hava xəttinin tikintisi başa çatmaq üzrədir.
Eyni zamanda 220 kV-luq 3-cü, 6-cı Masallı, 110 kV-luq 3-cü "Sabirabad", 1-ci, 2-ci Lənkəran, 3-cü Suraxanı, 2-ci Maştağa, 3-cü Kürdəmir, 3-cü Yevlax, Yalama hava xətlərində və digər istiqamətlərdə də tikinti-quraşdırma işləri yekunlaşmaq mərhələsindədir. Paralel olaraq Azərbaycanla-Gürcüstan arasında çəkilən beynəlxalq miqyaslı 330 kV-luq Ağstafa-Qardabani hava xəttinin ikidövrəli variantda yenidən qurulması layihəsi üzrə işlər sürətlə davam edir.