Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 17 fevral — Sputnik. Son illər imici ilə fərqlənən və gündəmə gələn teleaparıcı Vüsalə Səid daim yeniliklərlə tamaşaçıların qarşısına çıxır. Özünü bu yaxınlarda texnologiya verilişinin aparıcısı kimi sınayan Vüsalə Səid Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbəti zamanı bəzi məqamlara toxunub.
- Adətən, deyirlər ki, aparıcılıq etmək asandır. Redaktor hazır materialı verir, aparıcı da efirdə oxuyur. Bu fikirlə razısınız?
- Bu fikrə fərdi yanaşmaq lazımdır. Çünki mən heç vaxt kiminsə yazdığı materialı efirdə oxumamışam. Efirə özüm hazırlaşmışam. Mənə yad olan materialı efirdə oxuya bilmərəm. Belə hal olsaydı efiri bitirə, tamaşaçı qarşısında layiqincə çıxış edə bilməzdim. Yalnız dövlət başçısının fərmanları və sərəncamlarını tanış olmadan canlı efirdə səsləndirmişəm. Hətta efir gedə-gedə sərəncam və fərmanlar mənə ötürülüb, redaktə edə-edə oxumuşam.
- Canlı efirdə hansısa çətinlik yaşamışınız?
- Dövlət tədbirlərində və ya bayramlarda, eyni zamanda yas mərasimlərində dünyanın bir çox ölkələrindən məktub alırıq. Ərəb dövlətlərindən gələn məktublarda çox çətinlik çəkmişəm. Bir dəfə məktubdakı ərəb dövlətinin başçısının 25 sözdən ibarət olan adını oxumaqda çox çətinlik çəkmişdim. O adı birnəfəsə oxumaq çox çətin idi.
- Xəbər aparıcılığından sonra texnologiyaya aid veriliş aparmağa başladınız. Çətin olmadı ki?
- Bu təklif gələndə bir az tərəddüd edirdim, çünki mənə yad sahə idi. Amma dostlarım mənə dəstək oldular və məndə inam yarada bildilər. Mən də razılıq verməyimə peşman olmadım. Həm maariflənirəm, həm də öyrəndiklərimi tamaşaçılara çatdırıram. Düşünürəm ki, müasir dövr üçün lazımlı olan verilişlərdən biridir. Belə verilişlər ilə biz bayağılaşmadan geri dönüş edirik.
- Bəzi jurnalistlər sizin aqressiv olduğunuzdan gileylənir...
- Çünki bəzi jurnalistlər araşdırmadan nəticə çıxarırlar. Məndən fikir soruşmadan ittiham edirlər. Ya da çox qərəzli mövqe göstərirlər. Belə olanda mən də cavabımda öyrənin, maariflənin, sonra fikir bildirin mesajı göndərirəm. Bu aqressivliyi ona görə deyirlər ki, mən Lider TV-dən çıxanda hamı əmək haqqım verilmədiyi üçün işdən getdiyimi yazdı. Halbuki mən ora gedəndə məvacibin gec verildiyini bilirdim və bu şərtləri qəbul edib getmişdim. Çörəyi dizinin üstündə olan insan deyiləm. Bəli, vəziyyətin çətin olduğunu bilirdim, amma məhz məvacibə görə işdən çıxmamışdım. Türkiyədə keçirilən beynəlxalq layihə ilə televiziya işi alınmırdı. İşdən hər gün icazə ala bilməzdim. Həm də işlər çox idi və seçim etməli idim.
- İmiciniz haqqında bir qədər danışaq. Qısa saç kəsdirmək risk tələb edir. Amma siz fərqli imic yarada bildiniz...
- Mən imic yaratmazdan öncə bunu məcburiyyətdən etmişdim. Saç boyaları istifadə etdiyim üçün saçlarım yanmışdı və qısaltmaq məcburiyyətində qaldım. Doğrusu, ilk günlər mənim üçün çətin oldu. Amma hər kəsin bəyənməsi və qısa saçın rahatlığını görəndən sonra artıq imic kimi saxladım. Halımdan razıyam və qısa saçda gəzməyi sevirəm. Nə vaxt saçlarımı uzadacağımı isə bilmirəm.
- Hətta robot Sofiyanı sizə bənzədirdilər.
- Bəli. Təsadüfən Sofiyanın Bakıya gəldiyi ərəfədə saçlarımı lap qısaltdım. Bilmirəm oxşarlığıma görə, ya təsadüfən tədbirin aparıcısı olaraq məni dəvət etmişdilər. Tədbirdə oxşarlığımız, hətta Leyla Əliyevanın da diqqətini çəkmişdi. Leyla xanım mənə dedi ki, həqiqətən Sofiya ilə çox bənzəyirik.