CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətənində xəyanətlə üzləşən müstəntiq: "Üstümə benzin töküb yandırmağa gəlirdilər"

© Sputnik / Ilham Mustafayevİstefada olan polis mayoru Bəhmən Qəmbərov
İstefada olan polis mayoru Bəhmən Qəmbərov - Sputnik Azərbaycan
Abunə olmaq
2700 cinayət işi yazan keçmiş polis mayoru onların indi haradasa itib-batdığını, hazırda gördüyü işlərinsə onu yaşadacağını düşünür

İham Mustafa, Sputnik Azərbaycan

BAKI, 4 fevral — Sputnik. Yaradıcı insanlar axar su kimidir. Tale onları fərqli istiqamətlərə yönəltsə də, bir gün aid olduqları sahəni taparaq orada rahatlanırlar. Müsahibimiz - istefada olan polis mayoru Bəhmən Qəmbərov da belə insanlardandır. O, uzun illər hüquq mühafizə orqanlarında çalışıb, istefaya çıxdıqdan sonra isə öz rahatlığını şeir yazmaqla yanaşı, dekorativ sənət nümunələri hazırlamaqda tapıb.

© Sputnik / Ilham MustafayevBəhmən Qəmbərov uzun illər hüquq mühafizə orqanlarında çalışıb
Vətənində xəyanətlə üzləşən müstəntiq: Üstümə benzin töküb yandırmağa gəlirdilər - Sputnik Azərbaycan
Bəhmən Qəmbərov uzun illər hüquq mühafizə orqanlarında çalışıb

Yevlax rayonu Gülövşə kəndində doğulan B.Qəmbərov orta məktəbi bitirəndən sonra o vaxtkı Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olub. Lakin ailəsinin maddi durumunun ağırlığına görə təhsilini davam etdirə bilməyib, hərbi xidmətə yollanıb. Qayıtdıqdan sonra isə işləmək üçün Rusiyanın Volqadonsk şəhərinə üz tutub. Bir müddət "Atommaş" İstehsalat Birliyində işlədikdən sonra rəhbərliyin təşəbbüsü ilə milis sıralarına keçib. "Ryazan Ali Milis Məktəbi"ndə oxumağa başlayıb.

Müsahibimiz o günləri belə xatırlayır: "Milis məktəbində 4 il oxudum. Əlaçı olmasam da, müəllimlərin rəyi ilə 300 müdavim arasından seçildim, şəklim məktəbin "Əbədi şərəf lövhəsi”nə vuruldu. Bu yaxınlarda oradan gələn tanışlar şəklimin hələ də orada olduğunu deyirlər. Təhsilimi bitirəndə ancaq əlaçılara verilən azad təyinat mənə də şamil edildi. Tələbə vaxtı evləndiyimə görə yaşadığım Rostov şəhərini seçib, işləməyə başladım".

© Sputnik / Ilham Mustafayev Bəhmən Qəmbərovun düzəltdiyi dekorativ sənət nümunələri
Vətənində xəyanətlə üzləşən müstəntiq: Üstümə benzin töküb yandırmağa gəlirdilər - Sputnik Azərbaycan
Bəhmən Qəmbərovun düzəltdiyi dekorativ sənət nümunələri

11 il Rostovda müstəntiq işləyən B.Qəmbərov Ermənistanın ölkəmizə qarşı ərazi iddialarını, Qarabağda separatçılıq xəbərlərini eşidərək Azərbaycana dönmək qərarına gəlib və Qarabağda işləmək istədiyini bildirib. Lakin ilk iş gününə başlamamış ölümlə üzləşib.

Həmsöhbətimiz oradan möcüzə nəticəsində sağ çıxdığını deyir: "1990-cı ilin avqust ayı idi, milis kapitanı paltarında qatarla Xankəndinə gəldim. Orada idarə rəisi general Vladimir Kovalyovla görüşməliydim. Axşama kimi gözləsəm də, gəlib çıxmadı. Gecəni Ağdamda qalmalıydım, şöbədən çıxıb, taksilərə əl elədim. Bir "Moskviç" taksi saxladı, oturdum, dedim, sür Ağdama. Sürücü üzümə baxıb milliyyətimi soruşandan sonra "düş, azərbaycanlılara xidmət etmirəm" dedi. Öz vətənimdə belə münasibət mənə çox pis təsir etdi. Düşdüm, yaxasından tutub çıxartdım maşından, açarlarını alıb dedim ki, müsadirə edirəm. Yalvardı, “səhv eləmişəm, otur aparım” dedi”.

© Sputnik / Ilham Mustafayev Bəhmən Qəmbərovun düzəltdiyi dekorativ sənət nümunələri
Vətənində xəyanətlə üzləşən müstəntiq: Üstümə benzin töküb yandırmağa gəlirdilər - Sputnik Azərbaycan
Bəhmən Qəmbərovun düzəltdiyi dekorativ sənət nümunələri

“İnandım ona, şəhəri çıxanda böyük dairədə maşını saxladı, açarı da çıxarıb qaçdı. Çarəsiz qalıb düşdüm, Ağdama tərəf gedən maşınlara əl eləməyə başladım. Sürücü gedib orda yığışan ermənilərə nə dedisə, gördüm, 15-20 nəfər yığışıb mənə tərəf gəlir. Mənə çatmaqlarına 25-30 metr qalmış adamların arxasından bir “QAZ-24” sürətlə gəlib yanımda saxladı, rusca "zemlyak sadis" deyib çağırdı. Mən maşına oturanda ermənilər də başladı maşının arxasınca qaçmağa. Adam məni Ağdamın çıxacağında "Qarağacı" qəbiristanlığına qədər gətirdi. Düşürəndə - "zemlyak, mən də erməniyəm, onlar sənin üstünə benzin töküb yandırmağa gəlirdilər, amma azərbaycanlılar mənə çox hörmət etdiyindən vicdanım yol vermədi ki, səni gözüm görə-görə öldürsünlər" deyib getdi. Beləcə sağ qaldım" – deyə danışır müsahibimiz.

O, bütün çətinliklərə baxmayaraq, öz peşəsini Qarabağda davam etdirib. Şuşanın işğalından sonra missiyasını Ağdamda davam etdirib. 1993-cü ilin yayında Ağdam ermənilər tərəfindən işğal ediləndən sonra Bakıya qayıdıb. 2007-ci ildə 30 illik xidmətini başa vurub, "rahat yaşamaq istəyirəm" - deyərək təqaüdə çıxıb və doğulduğu Gülövşə kəndinə köçüb.

© Sputnik / Ilham Mustafayev Bəhmən Qəmbərovun düzəltdiyi dekorativ sənət nümunələri
Vətənində xəyanətlə üzləşən müstəntiq: Üstümə benzin töküb yandırmağa gəlirdilər - Sputnik Azərbaycan
Bəhmən Qəmbərovun düzəltdiyi dekorativ sənət nümunələri

İstefada olan müstəntiq təqaüdə çıxandan sonra belə, rahatlıq tapa bilmədiyini söyləyir: “Müstəntiqlik elədir ki, boş vaxt olmur. Günlərin cinayət işi yazmaqla keçir. Təsəvvür edin, 30 ildə 2700 cinayət işi yazmışam. Ən kiçik cinayət işi 100 səhifədən artıq, əksəriyyətisə 5-6 cild olurdu. İndiki kimi kompüter yox idi, yazı maşını ilə yazırdıq, bir hərf səhvi olanda kağızı cırıb yenidən başlayırdıq. Ona görə təqaüdə çıxandan sonra boş dayana bilmədim. Məşğuliyyət axtarmağa başladım".

Beləcə şeir yazmağa başlayan B.Qəmbərov az müddətə "Söz buludu" adlı kitabını çap etdirib. Bir kitabını isə çapa hazırlayıb. Şeir yazmağın təb işi olduğunu deyən müsahibimiz bəzən günlərlə bir misra da yazmadığını, bəzənsə yazmaqdan başqa iş görə bilmədiyini deyir. Əlavə boş vaxtlarında isə gözəl suvenirlər hazırlayır.

© Sputnik / Ilham Mustafayev Bəhmən Qəmbərovun düzəltdiyi dekorativ sənət nümunələri
Vətənində xəyanətlə üzləşən müstəntiq: Üstümə benzin töküb yandırmağa gəlirdilər - Sputnik Azərbaycan
Bəhmən Qəmbərovun düzəltdiyi dekorativ sənət nümunələri

Hazırda 50-yə yaxın əl işinin olduğunu deyən B.Qəmbərov ilk suvenirini düzəltməyinin maraqlı tarixçəsini də danışır: "Oğlumun ad gününə getməliydim, fikirləşdim ki, nə aparım. Xeyli düşünəndən sonra qərara gəldim ki, ona özüm hazırladığım nəyisə hədiyyə edim. Bir taxta parçasi götürdüm və suvenir saz düzəltdim. O qədər gözəl alınmışdı ki, həqiqi sazdan seçilmirdi. Beləliklə, başladım xəyalımdan keçənləri düzəltməyə”.

Qəmbərov suvenirlərini satmaq üçün hazırlamadığını, onları balaları kimi çox sevdiyini, hətta onlarla söhbət də etdiyini deyir: “Yazdığım 2700 cinayət işindən bu günə, bəlkə də heç nə qalmayıb, çürüyüb, siçan yeyib. Amma bu gün hazırladığım bu işlərə baxdıqca, yazdığım şeirləri oxuduqca insanlar məni xatırlayacaq".

Sonda onu da öyrənirik ki, Bəhmən Qəmbərov doğulduğu Gülövşə kəndinin tarixi haqda kitab yazmaq arzusundadır.

Xəbər lenti
0