Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 16 fevral — Sputnik. Məscidlər müsəlmanların kütləvi və tək şəkildə ibadət etmələri üçün nəzərdə tutulmuş memarlıq tikilisidir. Bəzi məscidlərin yanında və yaxud qarşısında azan vermək üçün qüllə ucaldılır. Minarə deyilən bu qüllələr azan verilməsi üçün nəzərdə tutulur. Minarələrin sayı məsciddə birdən doqquza qədər ola bilər. Minarələrin içərisi, əsasən, təsvirsiz olur. Bəzilərində isə Qurandan ayələr yazılır.
Azərbaycan ərazisində qədim tarixə məxsus xeyli sayda minarə var. Onlardan biri də Quba rayonunun ən böyük kəndi sayılan Birinci Nügədidə yerləşən məscidin qarşısındakı minarədir. Bu minarə başqa minarələrdən fərqli olaraq məsciddən bir qədər aralıda - çöl hissədə yerləşir. Minarə və məscidin yaranma tarixi XVII-XIX əsrləri əhatə edir.
Minarənin üzərindəki daş lövhədə bu kəlmələr yazılıb: "Bu minarə Hicri-qəməri təqvim ilə 1316-cı ildə Rəcəb ayında tikilib". Daş lövhənin aşağı hissəsində isə belə qeyd olunub: "Əzaya qalmadan namaza tələs, ölmədən əvvəl də tövbəyə tələs. Bu minarə şərif Hacə-Hacı-Muhamməd tərəfindən tikilib". Minarənin sol tərəfindəki başqa bir daş lövhədə isə belə yazılıb: "Bu məscid Molla Zəki Solban oğlu tərəfindən tikilib".
Miladi təqvimlə hesabladıqda, minarənin tikilmə tarixi 1899-cu ilə təsadüf edir. Məscidin axundu Anar Hacıbalayev Sputnik Azərbaycan-a Nügədidəki minarə haqqında ətraflı məlumat verib: "Bu minarə ölkəmizdəki minarələr içərisində ən qədimlərindən sayılır. Quba ilə bağlı şəkillərə və videolara nəzər yetirsək görərik ki, bir çoxunda belə minarə var. Minarə, bir növ, Qubanın simvollarından sayılır".
"Təəssüflər olsun ki, bu qədim tarixi abidə haqqında sizə qədər maraqlanan, yazan olmayıb. Halbuki tarixi abidələri öyrənib, onlar haqqında məlumat toplayıb, gənc nəslə ötürmək hamımızın borcudur" – deyə o bildirib.
Həmsöhbətimiz bildirib ki, minarələrin məscidlərin yanında tikilməsi Məhəmməd peyğəmbər (s.ə.s) dövründən qalmış adətdir: "Minarənin tikilməsinin səbəbi azan vermək, namazdan insanları xəbərdar etmək olub. Bir növ, insanları namaza, məscidə dəvət etmək üçün tikilib. İndiki dövrlərdə bir çox məscidlərdə minarələrdən artıq istifadə edilmir. Səbəbi isə mikrofonların, səs gücləndiricilərin olmasıdır. Amma bizdə hələ də bu minarə fəaliyyət göstərir".
Axund qeyd edib ki, məscidlə bu minarənin tikilmə vaxtı arasında 13 il fərq var: "Bir çox yerlərdə minarə ilə məscidin tikilmə tarixi eyni ilə düşür. Amma bu minarə məsciddən əvvəl tikilib. Minarənin daha tez tikilmə səbəbi isə məscidin balaca olması və 13 il sonra yenidən tikilməsidir. Həm məscid, həm də minarə o dövr üçün möhtəşəm abidə olub".
Qeyd edək ki, şimal zonası üzrə olan abidələr içərisində bu məscidlə minarənin fərqli xüsusiyyəti var. Belə ki, hər iki abidə Osmanlı arxitekturasına uyğun tikilib.