BAKI, 13 fevral — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) ilə Milli Paralimpiya Komitəsi (MPK) arasında memorandum imzalanıb.
Bu barədə Sputnik Azərbaycan-a Agentlikdən bildirilib.
Sənədi BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli və MPK-nın prezidenti İlqar Rəhimov imzalayıblar. Memorandum nəqliyyat dəstəyi və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı əhatə edir.
Sənədə əsasən, Agentlik Komitənin təşkil etdiyi idman tədbirləri və yarışlar zamanı idmançıları ehtiyac olan nəqliyyat vasitəsi ilə ödənişsiz təmin edəcək. Bundan əlavə, 10-15 may 2019-cu il tarixləri ərzində ölkəmizdə keçirilən beynəlxalq “Bakı 2019 Qran-Pri” yarışında xarici və yerli idmançıların nəqliyyat vasitəsi ilə təmin edilməsini BNA öz üzərinə götürür.
Tədbirdə çıxış edən V.Kərimli fiziki imkanları məhdud şəxslər üçün nəqliyyat xidmətlərinin əlçatan olması ilə bağlı görülən işlərdən danışıb. O vurğulayıb ki, əhaliyə, xüsusən də fiziki imkanları məhdud şəxslərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun nəqliyyat xidmətlərinin göstərilməsi daim dövlətin diqqət mərkəzindədir. Dövlət başçısının tapşırığına əsasən, Agentlik tərəfindən son üç ildə bu istiqamətdə mühüm layihələr həyata keçirilib. Əlilliyi olan şəxslərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə avtobuslarda uyğun şəraitin olmasına dair tələblər müəyyənləşdirilib. Hazırda Bakı şəhərində 23 müntəzəm marşrut xətti üzrə 540-a yaxın sərnişin avtobusunda əlil arabası üçün xüsusi mexanizm var. Həmçinin bu avtobuslarda əlillər üçün ayrıca yerlər nəzərdə tutulub. Yeni gətiriləcək 300 ədəd avtobusda da fiziki imkanları məhdud şəxslərin rahatlığı üçün uyğun şərait var. İlk dəfə olaraq Bakı şəhərində fiziki imkanları məhdud şəxslərin küçə-yol şəbəkəsindən rahat istifadəsini təmin etmək məqsədi ilə səkilərdə pandusların quraşdırılmasına başlanılıb. 2017-ci ilin dekabrında başlanılan işlər hazırda davam etdirilir. Artıq 70 küçə və 229 kəsişmədə pandus quraşdırılıb. “Sovetski” layihəsi çərçivəsində salınan yollarda görmə imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi səs siqnalları ilə təchiz edilən işıqforlar quraşdırılıb. Digər yollarda da bu tip işıqforların quraşdırılması nəzərdə tutulub. “İdeal səki” layihəsi çərçivəsində səkilərə görmə imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkətinə imkan verən hiss edilə bilən (tactile) örtüklərin vurulması planlaşdırılır.
İ.Rəhimov isə nəqliyyat xidmətlərinin əlilliyi olan şəxslər üçün əlçatanlığının təmin edilməsi məqsədilə BNA-nın həyata keçirdiyi tədbirlərin əhəmiyyətli olduğunu bildirib. Görülən işlər əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərir. Bu işlərin həyata keçirilməsində MPK-nın mütəxəssislərinin yaxından iştirak etməyə hazır olduğu qeyd edilib.