BAKI, 15 fevral — Sputnik. "Son 10 il ərzində Azərbaycanın dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin ümumi sayında artım olsa da, təqaüd alanların xüsusi çəkisi 2000-ci illə müqayisədə xeyli azalıb və azalmaqda davam edirdi".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, 2017-2018-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin, sadəcə, 36,3 faizi təqaüd alırdı. 2000-ci ildə bu göstərici 45 faiz olub. 2015-2016-cı tədris ilində isə təqaüd alanlar 37,3 faiz təşkil edib.
“Xatırladım ki, 2000-2001-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 119,7 min, 2015-2016-cı tədris ilində 161,2, 2016-2017-ci tədris ilində isə 163,8 min nəfər təşkil edib. 2018-2019-cu tədris ili üzrə ali məktəblər üçün 45 159 yer ayrılmışdı və onun 13 mini dövlət sifarişli ixtisaslar, 22 mini ödənişli ixtisaslar idi” – deyə K.Əsədov bildirib.
Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin 14 fevral 2019-cu il tarixli sərəncamı ilə bu rəqəmlər köklü şəkildə dəyişdi: “Bu sərəncam 2 hissədən ibarətdir. 1-ci hissə təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 (on altı min) vahid artırılır, 2-ci hissə dövlət sifarişli ixtisaslarda təhsil alan tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılır".
“Hazırda təqaüd alan tələbələrin sayı 53408 nəfərdir və prezidentin sərəncamı ilə onların sayı 16000 min artırılaraq və 70 minə çatdırılacaq. Bu dəyişiklik 1 mart 2019-cu ildən qüvvədədir. Amma bir məsələ var, hazırda dövlət sifarişli təhsil alanların sayı 53408 nəfərdir və təqaüd alanların sayı da bununla eynidir. Bəs əlavə olunan 16 min təqaüd kimlərə şamil olunacaq?” – deyə o vurğulayıb.
Əsədov bu sualın açıqlamasını da verib: “Bu, akademik göstəriciləri yaxşı olan, təhsilin müxtəlif pillələrində təhsil alan şəxslərə şamil olunacaq. Bu, o demək deyil ki, 16 min nəfər təhsil haqqı ödəməkdən azad olunur. Yox, sadəcə olaraq təqaüd alan tələbələrin sayı 16 min artırılır. Yəni ola bilər ki, hansısa universitetin bir ixtisasında, qrupunda təhsil alanların hamısı ödənişli təhsil alır, amma akademik göstəriciləri yüksəkdir. Bu zaman onlara təqaüdlər veriləcək”.
Mütəxəssis bildirib ki, sərəncamın 2-ci hissəsi təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən artırılmasıdır: "Bu, o deməkdir ki, 2019-2020-ci tədris ilində ali məktəblərə dövlət sifarişli yerlərin sayı artacaq. Yəni hazırda 45 min plan yerinin 13 mini dövlət sifarişlidirsə, 2019-cu ildə bu rəqəm 13 min artıb olacaq 23 min. 2020-ci ildə isə dövlət sifarişli yerlərin sayı 25 min olacaq".
"Amma bu, o demək deyil ki, ödənişli ixtisasların sayı artmayacaq. Onda da artım olacaq, amma onun artma faizi ilə dövlət sifarişli yerlərin artım faizi eyni olacaq" - deyə Əsədov əlavə edib.
O vurğulayıb ki, 2010-cu ildən ali təhsil müəssisələrində adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur: “Bütün ali təhsil müəssilərində göstərilən təhsil xidməti istər dövlət sifarişi, istərsə də ödənişli əsaslar ilə təhsil alanlar üçün pulludur. Fərq ondan ibarətdir ki, dövlət sifarişi ilə təhsil alanların ödənişi dövlət tərəfindən həyata keçirilir. Ödənişli əsaslar ilə oxuyanlar isə ödəniş haqqını özləri ödəyirlər”.