BAKI, 15 fevral - Sputnik. Strateji Araşdırmlar Mərkəzinin binası Sosial Tədqiqatlar Mərkəzinə verilib, işçi heyətinin mühüm hissəsi də saxlanılır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc öz "facebook" səhifəsində məlumat verib.
Z.Oruc iİlk növbədə, şəxsinə göstərdiyi etimada görə ölkə Prezidenti cənab İlham Əliyevə səmimi təşəkkürlərini bildiririb: "Dövlətin və hökumət orqanlarının çevrəsində onlarla institut, beyin mərkəzi və analitik qurum var. Eyni zamanda, ölkə rəhbəri gündəlik olaraq, Azərbaycanın daxili və xarici siyasətinə dair məlumatları müfəssəl qaydada müxtəlif mənbələrdən alır, hesabat və təhlillərlə tanış olur, qəbul etdiyi qərarlar zamanı onları nəzərə alır. Həmin informasların təminatı məxfi xidmət orqanları, həmçinin icra və siyasi strukturlar tərəfindən həyata keçirilir. Sosial Tədqiqatlar Mərkəzinin yaradılması dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gəlib”.
"Burada məqsəd hakimiyyət institutlarına ictimaiyyətin münasibətini həm də bu yolla öyrənməklə dövlət quruculuğu prosesinə aktiv yön vermək, xalq qarşısında hesabatlı, şəffaf və ədalətli idarəçilik sistemini bərqərar etməkdir: “İndi hər kəs qəbul edir ki, istənilən rəsmi qərar cəmiyyətin ona hazırlanmasını, millətin həmin siyasətdə aktiv iştirakını tələb edir. Sosial Tədqiqatlar Mərkəzi öz imkanları və səlahiyyətləri daxilində əldə etdiyi təhlilləri, hesabatları və rəy sorğularını daimi əsasda ölkə rəhbərliyinə təqdim etməyə çalışacaq. O ki, qaldı əməkdaşlıq edəcəyimiz qurumlara, onlar bəllidir. İstər beynəlxalq təşkilatlar, istərsə də yerli institutlar, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə çiyin-çiyinə çalışmaq bizim üçün bir nömrəli vəzifədir” - deyə deputat qeyd edib.
Millət vəkili əməkdaşlıq edəcəkləri iqtisadçıların bir qisminin adlarını da açıqlayıb: “Hər kəs əmin olsun ki, təkcə mövqeyi dövlətin iqtisadi-siyasi xətti yaxın olan iqtisadçılarımızla deyil, eləcə də fərqli dünyagörüşü daşıyan istənilən fikir adamı ilə ünsiyyətə, əməkdaşlığa və işgüzar münasibətlərə hazırıq. Hörmətli iqtisadçılar Vüsal Qasımlı, Rövşən Ağayev, Samir Əliyev və onlarla tanınan, yaxud tanınmayan insanlar bizə öz köməyini göstərəcəksə, onlardan qətiyyən imtina etmək fikrində deyilik”.
Z.Oruc vurğulayıb ki, mərkəzin yaradılmasının təşkilati bazası keçmişdə mövcud olan Strateji Araşdırmlar Mərkəzinin kadr və inzibati binası əsasında həyata keçiriləcək: “Ona görə də bir sıra hüquqi prosedurları sürətlə keçmək ərəfəsindəyik. Amma bu işlər bir qədər zaman alacaq. Xüsusi vurğulamaq istəyirəm ki, Mərkəzin işçi heyətinin mühüm bir hissəsi əvvəlki illərdə SAM-da daxili siyasət üzrə çalışan insalardan ibarət olacaq.Yerdə qalan vakansiyalarda təmsil olunacaq şəxslərə dair müxtəlif tələblər mövcuddur və onu da ən qısa zamanda bildirəcəyik. Lakin bir prinsipə əmin ola bilərsiniz - ölkə rəhbərinin tapşırığı ilə savadlı, intellektual gəncləri sıralarımıza almağa heç kəsin şübhəsi olmasın!"
Deputat media nümayəndələrinə də müraciət edib: “Müsahibə və görüşlərlə bağlı bizə bir qədər zaman verməyinizi sizdən xahiş edirəm. Danışmaq üçün əvvəlcə gərək cəfakeşliklə və ürəklə işləyək!”.