Həmsöhbətimiz ilk açıqcasını çox yaxşı xatırlayır. Poçt kartını ona yaşlı poçtalyon baba gətirib. İlk öncə nə baş verdiyini heç anlamayıb. Sovqatın postkrossinq açıqcası olduğunu görəndə isə çox sevinib.
Lyubov düşünür ki, bu hobbi bütün dünyanı ona daha yaxın edir. Azərbaycan layihədə nadir ölkə olduğu üçün bir çoxları ondan Azərbaycanla bağlı poçt kartı göndərməsini xahiş edirlər. Beləliklə də, həm dünyanı özünə, həm də özünü dünyaya daha da yaxınlaşdırır. Bir çoxları ilə Lyubov hələ də ünsiyyətdədir.
Bizim bu layihə üçün nadir olduğumuz qədər, bu hobbi də Azərbaycanda o qədər də çox yayılmayıb. Lyubov fəal şəkildə postkrossinqi ölkədə tanıtmağa, Azərbaycanlı postkrosserləri bir araya yığmağa çalışır. Bunun heç də asan olmadığını etiraf edən Lyubov deyir ki, saytda Azərbaycandan 100-ə yaxın insan qeydiyyatdadır. Ancaq onların arasında yalnız beşə yaxın fəal iştirakçı var.
Lyubov üçün ən çətini yaxşı açıqca tapmaqdır. Əvvəlcə o, müxtəlif ölkələrdən açıqca sifariş edirmiş, amma indi özü çəkib sifariş edir və ya internetdə maraqlı şəkillər tapıb çap edir.
İndi o, üstündə mayak şəkilləri olan poçt kartlarını çox sevir. Keçən il mayaklara səyahət etdikdən sonra onlara aşiq olub və onlarla bağlı hər şeyi yığmağa başlayıb.
Qeyd edək ki, poçt kartını ölkə daxilinə göndərmək üçün 0.20 AZN-lik, MDB ölkələri üçün 0.40, Avropa ölkələri və ABŞ üçün isə 0.50 AZN-lik marka lazımdır.