Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 13 fevral — Sputnik. Son günlər sürücülər parklama yerlərinin olmamasından, əvvəlki parklama yerlərində indi "dayanma-durma qadağandır" işarəsinin qoyulduğu üçün cərimə yazılmasından şikayətçidirlər. Onların əsas şikayətləri bunlardan ibarətdir: "Şərait yaradılmadan qadağa qoyulub, indi avtomobilimizi harada saxlayaq? Öncə parklama yerləri hazırlasınlar, sonra dayanma-durma qadağandır işarələrini qoysunlar və əməl etməyəni cərimələsinlər".
Şikayətçilər, eyni zamanda magistral yollarda qəza işıqlarını yandırıb dayanan, nəticədə sürətli yolda tıxac yaradan sürücülərdən də gileylənirlər. İddia edirlər ki, dayanma zamanı problem olmayan yollara nəzarət var, prospektlərə isə nəzarət yoxdur.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında sürücülərin şikayətlərinə aydınlıq gətirməyə çalışıb. O deyib ki, son günlər dayanma-durma qaydalarını pozan sürücülərə qarşı mübarizə gücləndirilib.
"Haqsız yerə heç kimə cərimə yazılmır. Qayda pozan sürücülərə cərimə yazılır. Hər bir küçədə parklama yerinin olması mütləq deyil. Bu, heç dünya praktikasında da yoxdur. Parklama yeri yoxdursa, sürücü həmin əraziyə yaxın yerlərdə olan böyük dayanacaqlarda maşını saxlaya, sonra istədiyi yerə avtobus və ya taksi ilə gedə bilər" - deyə Ağayev vurğulayıb.
BNA sözçüsünün bildirdiyinə görə, hazırda Bakı şəhərində nəqliyyat sistemi kifayət qədər yaxşı vəziyyətdədir və istənilən vətəndaşın rahatlığı üçün şərait yaradılır: "Hər kəsin rahatlığını düşünürük. Tıxacın qarşısını almaq üçün isə bu addımları atırıq. Bütün dünyada, məhz belə qaydalar tətbiq olunur. İnkişaf etmiş şəhərdə piyada və sərnişinlərin rahatlığı önəmli qəbul edilir. Düzgün dayanma-durma etməyən sürücülərə görə avtobusların qrafikində də gecikmə baş verir. Bu da etirazlara səbəb olur".
O, prospektlərdə avtomobillərin müxtəlif səbəblərdən dayanmasına da münasibət bildirib: "Həmin yerlərdə kameralar quraşdırılacaq və belə sürücülər cəzalandırılacaq. Onu da deyim ki, artıq əməkdaşların cərimə etməsini məhdudlaşdırırıq. Ancaq kameralar vasitəsi ilə cərimələr tətbiq edəcəyik".
Yol-nəqliyyat eksperti Azər Allahverənov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu gün adiyyatı oldu-olmadı, dayanma-durma nişanı quraşdırılır və bu da sürücülər tərəfindən haqlı narazıçılığa səbəb olur: "Həmin ərazilərə yük daşıyan və bu kimi işlərə görə yaxınlaşan avtomobillər də böyük problem ilə qarşılaşır. Bakı Nəqliyyat Agentliyi bilir ki, sürücülər onlardan narazıdır. Ona görə də agentlik 3.27 nişanını 3.28 nişanı ilə, yəni durma qadağandır (burada sərnişini düşürdə bilər, amma uzun müddət dayana bilməz) işarəsi ilə əvəz edib".
"Bu da vəziyyətdən çıxış yolu deyil. Elə yerlər var ki, nəqliyyat vasitələrinin saxlanması üçün yaxın çevrədə dayanacaq yoxdur. Bu gün Bakı şəhərində avtomobili hansısa bir müddətə saxlayacaq yerlər azdır. Olan yerlərdən isə sürücülər narazıdır. Düşünürəm, parklama qiymətlərinə də bir daha baxılmalı, qiymət endirilməlidir. Amma bəzən bu qayda tətbiq olunandan sonra bəzi yollarda tıxacın qarşısı alınıb. Yollarda hətta ikinci, üçüncü zolaqda avtomobil saxlayıb gedirdilər. Yeni qaydalar, məhz buna görə yaxşı haldır" - deyə Allahverənov vurğulayıb.