BAKI, 12 fevral — Sputnik. Rusiya Federasiyasının Rostov şəhərindəki Azərbaycan diasporunun keçmiş rəhbəri, tanınmış iş adamı Söyün Sadıqov həbs edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Sadıqov bir iş adamının 100 milyon rubl (2.6 milyon manat) pulunu və bir hektar torpaq sahəsini ələ keçirməkdə günahlandırılır.
O, "mütəşəkkil qrup tərəfindən və ya böyük miqyasda (törədildikdə) dələduzluq" maddəsi ilə ittiham edilir. İstintaq hesab edir ki, Sadıqov öz cinayət ortaqları ilə "Nebuq" şirkətinin rəhbərini qanunsuz fəaliyyət göstərdiyi üçün hədələyərək, pul və torpaq tələb edib.
Bununla bağlı iş adamı polisə müraciət edib, sonra isə Sadıqova hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə 5 milyon rubl verib. Bundan sonra S.Sadıqov həbs edilib. Hazırda onu məhkəmə gözləyir.
Xatırladaq ki, S.Sadıqov tikinti biznesi ilə məşğul olmaqla yanaşı, həm də müxtəlif dövlət orqanlarının, o cümlədən Rusiya prezidenti yanında etnik münasibətlər üzrə Şuranın üzvü olub. O, geosiyasi araşdırma ilə məşğul olan qeyri-kommersiya təşkilatı Strateji İnkişafı Modelləşdirmə Mərkəzinə də rəhbərlik edir.