BAKI, 12 fevral — Sputnik. Balakən sakininin evindən 49 min ABŞ dolları oğurlayan şəxs və yaxud şəxslər yarım aydan sonra oğurladıqları pulları geri qaytarıblar.
“Report”un məlumatına görə, hadisə yanvarın 25-i rayonun Qullar kəndində baş verib.
Belə ki, kənd sakini Sabir Teliyev yaşadığı evdən nəməlum şəxs və yaxud şəxslər tərəfindən 49 min ABŞ dollarının oğurlanması ilə bağlı Balakən rayon Polis şöbəsinə müraciət edib. Elə həmin gündən Balakən rayon Polis şöbəsi tərəfindən S.Teliyevin yaşadığı ünvandan küllü miqdarda pulu oğurlayan şəxs və yaxud şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Lakin hadisə baş verən gündən 15 gün sonra qəribə olay baş verib. Belə ki, S.Teliyevin yaşadığı evdən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər oğurladıqları pulun məbləğini tam şəkildə “Biz haram pul istəmirik” məzmununda məktubla birlikdə həyətyanı sahənin hasarından içəri tullayıblar.
Oğurlanan pul həyətə tullanılan zaman vəsaitin 29 mini ABŞ dolları şəklində, qalan hissəsi isə Azərbaycan manatı ilə olub.
Araşdırmalar davam etdirilir.