Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 10 fevral — Sputnik. Xoşbəxtlik onun üçün ayaqlarının yoxluğu ilə bitmir. O, yəni Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti qatar qəzasında ayaqlarını itirmiş, “ƏSA Teatrı”nın aktyoru İmran Lalayevdir. Onu sevən uşaqların dili ilə desək, "terminator adam".
"21 yaşımda ikən keçirdiyim qəza ilə həyata baxışım dəyişdi"
- Öncə istərdim ki, qısaca da olsa, haqqınızda məlumat verəsiniz.
- 1992-ci ildə Lənkəranda doğulmuşam. 21 yaşımda ikən keçirdiyim qəza ilə həyata baxışım dəyişdi. 2012-ci ildə işə gedərkən qəzaya düşdüm. O zaman sexdə usta işləyirdim. "Koroğlu" metro stansiyasından "Qara Qarayev" metro stansiyasına tərəf qatar yolunu keçirdim. O yoldan ayda-ildə bir dəfə qatar keçirdi. Odəfəki qatar da, sanki, mənim bəxtimə yazılmışdı. Musiqini çox sevdiyim üçün həmişəki kimi o gün də qulaqcıqda yüksək səslə mahnı dinləyirdim. Qatar gələndə səsini eşitmədim, bir onu bildim ki, qatara çırpıldım. Dönüb baxanda isə ayaqlarımın olmadığını gördüm...
Şokda idim, qanım axırdı, mən qışqırırdım. İnsanlar isə mənə yaxın gəlmirdilər. Sonradan orada süpürgəçi işləyən bir dayı yaxınlaşdı. Ayaqlarımı kəmərlə bağlayıb kənara qoydu və təcili yardım maşını çağırdı. Xəstəxanaya çatdırılanda həkim soruşdu ki, “sənə nə olub?” Dedim, öncə əməliyyat elə, sağ qalsam, nə baş verdiyini deyərəm. Ondan sonra 8 gün komada qalmışam. Ayılanda ayaqlarımın olmadığını bilirdim. Ana-atam isə mənim reallığı bildiyimdən xəbərsiz idilər, bunu mənə deməyə çəkinirdilər...
Bir gün atam gözləri dolmuş vəziyyətdə xəstəxanada yanıma gəldi, dedi ki, mənə bir söz demək istəyir. Dedim, ehtiyac yoxdur, bilirəm. Bu reallığı adi qarşılamağım atamı təəccübləndirdi. Atama gülərək cavab verdiyim o gündən bəri həyata mübariz gözlə baxdım. Komplekslərimi isə ayaqlarımla birgə qatarın altına atdım.
- Deyirlər ki, adamın ağlına gəlməyən, başına gələr. Belə bir hadisənin olacağı ağlınıza gəlmişdi?
- Heç vaxt belə hadisənin baş verəcəyini düşünməmişdim. Düzdür, rastlaşdığım, eşitdiyim qəzalarda özümü təsvir etmişəm, düşünmüşəm ki, görəsən, belə bir hadisə mənim də başıma gələ bilərmi? Buna görə avtomobil yolundan keçərkən qulaqcığı çıxardırdım ki, birdən siqnal səsini eşitmərəm, qəza olar. Amma bu hadisə həyatımda ilk bədbəxt olay deyil. Dördüncü sinifdə oxuyanda əl barmağımı itirmişdim. Qardaşım o vaxtı bilmədən balta ilə vurmuşdu. İndi isə çox adam bunu bilmir. Çünki ayağımı görəndə artıq barmağıma fikir vermirlər...
- O hadisədən öncə də belə motivasiyalı idiniz?
- O hadisədən əvvəl, tamamilə fərqli bir insan olmuşam. Motivasiyalı deyildim. Lakin o hadisədən sonra həyatımda bir sıra yeniliklər baş verdi. Zamanla daha da müsbətə doğru dəyişdim.
- Həmin hadisə şəxsi münasibətlərinizə necə təsir etdi?
- O hadisədən əvvəl də, sonra da həyatımda sevdiyim biri olub. Lakin qəzadan sonra qızın ailəsi məni qəbul etmədi. Dedilər ki, “işsizdir, həm də fiziki məhdudiyyətlidir”. Ümumiyyətlə, Azərbaycanda fiziki məhdudiyyətli insanlara yanaşma düzgün deyil. Bir qızın səni sevməsi heç də onun ailəsinin səni qəbul etməsi demək deyil. Fiziki məhdudiyyətli olsam da, qürurum var. İstəmədiyim ailəyə daxil ola bilməzdim. Ancaq həyat davam edir. Etiraf edim ki, indi də, hətta, sosial şəbəkələrdə evlilik təklifləri alıram.
- Maraqlıdır, sizə bu qədər motivasiya verən nədir?
- Bir çoxları düşünür ki, yəqin İmran imkanlı olduğu üçün onda motivasiya ruhu yüksəkdir. Əslində, belə deyil. Kirayədə qalan bir insan imkanlı ola bilərmi? Teatrdan və təqaüddən başqa gəlirim yoxdur. Məncə, insan bəzən əlindəkilərlə də kifayətlənməyi, xoşbəxt olmağı bacarmalıdır.
- Bəzən fiziki məhdudiyyətli insanları müxtəlif cür adlandırır, çağırırlar. İstəyərdim ki, bu məsələdə siz də fikir bildirəsiniz.
- İnsanlar bizə qüsurlu, əlil, şikəst deyirlər. Bu sözlərin səslənməsi etik çərçivə baxımdan düzgün deyil. Belə deməklə, sanki qarşındakı şəxsi yazıq görkəminə salmış olursan. Bir dəfə "Malakan" parkında idim. Balaca uşaqlar topla oynayırdı. Top mənə çatanda mən də zərbə vurdum. Ayağımın protezli olduğu görünürdü. Ayağım onlara qeyri-adi görünsə də, topa zərbə endirməyim onların xoşlarına gəldi. Uşaqlar ayağımdakının nə olduğunu soruşanda dedim ki, "terminator adamam". Uşaqlara üstümdən qatar keçdiyini deyə bilməzdim. Sonra o uşaqlardan birinin anası övladının əlindən tutub güclə dartaraq apardı. Sanki mən bədheybətəm. Adama sözlərdən daha çox belə yanaşma tərzləri pis təsir edir.
- Bəs, şəhərdə hərəkət zamanı rahatlığınıza mane olan nədir?
- Bəzi yerlərdə pandusları elə qurublar ki, arabanın oradan rahat çıxması mümkün deyil. Ya da elə yerlərdə avtomobili düz pandusun qarşısında saxlayırlar. Metro ilə bağlı da problem yaşayıram. "Həzi Aslanov" metro stansiyasında iki ekskalator var, ancaq yuxarıdan aşağıya hərəkət edən ekskalatorun işlək vəziyyətdə olduğunu görməmişəm. Protezlə gəzdiyim üçün o pilləkənlərlə enmək mənim üçün çətindir.
- Deyirlər İmran "bahalı oğlandır". Düzdür?
- Protez ayaqlarımın qiyməti 10 min manat olduğu üçün özümə "bahalı oğlan" deyirəm. Hətta buna görə bir dəfə dostumla zarafat etmişdim ki, sənin avtomobilin 8 min manatdır, mənim ayağımda olan bu protezlər isə 10 min manatdır. Demək ki, mənim də bir avtomobil dəyərində olan nəyimsə var.
- Çox motivasiyalısınız və hər şeyə ancaq müsbət tərəfdən baxıb, qaranlıqda da işıq axtarmağa çalışırsınız. Ona görə bu sualı verəcəyəm: Ümumiyyətlə fiziki məhdudiyyətli olmağın bir üstünlüyü var?
- Deyirlər, İmran fiziki məhdudiyyətlidir. Amma bunun da müəyyən müsbət tərəfləri var. Məsələn, boyumu uzada bilirəm, istədiyim ölçüdə ayaqqabı ala bilirəm. Bu yaxınlarda "Sinema kral və kraliçası" yarışmasının Azərbaycan üzrə də seçim turları olacaq. Bu yarışmaya qoşulacağam. Yarışmada boy həddi 1.75 göstərilib, mən isə boy ölçümü necə yazım bilmirəm. Bəlkə də ölçüsüz yazdım.
- Yarışmaya qoşulmaqda məqsədiniz nədir?
- Yarışmaya qatılmaqda məqsədim birinci olmaq deyil. Sadəcə olaraq fiziki məhdudiyyətin kompleks olmadığını göstərməyə çalışacağam. Hətta insanlara göstərəcəyəm ki, fiziki məhdudiyyətli bir insan model də ola bilər.
- ƏSA Teatrı haqda danışaq...
- Qəzadan sonra hazırlaşıb sənədlərimi kollecə verdim. Düşündüm ki, gələcəkdə ayaqda durmaq üçün bir peşəm olmalıdır. İkinci kursda oxuyanda dostum Orxan Adıgözəl məni çalışdığı ƏSA Teatrına dəvət etdi. Teatra gedəndən, bu aləmi tanıdıqdan sonra sənətin dərin olduğunu anladım. O səbəbdən düşünürəm ki, kimsə özünü professional aktyor adlandırmamalıdır.
- Tamaşalarınız deyəsən gec-gec baş tutur...
- Aktyorluq təhsili olmayan və bir neçəsi fiziki məhdudiyyətli olan heyət üçün tamaşalara hazırlaşmaq zaman alır.
- Bu teatrda da digərlərində olduğu kimi qonorar azdır?
- Burada qonorar digər teatrlarla müqayisədə normaldır. Elə olur ki, aylıq 300-500 də qazanırıq. Baş rol aldıqda qonorar daha çox olur.