BAKI, 9 fevral — Sputnik. "Wall Street Journal" qəzeti YPG/PKK terror təşkilatının Bəşər Əsəd rejimi üçün önəmli bir xam neft tədarükçüsü halına gəldiyini yazıb.
Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, qəzet YPG/PKK ilə Əsəd rejimi arasında neft ticarətinə dair bir məlumat yayıb.
Məlumata görə, YPG/PKK "Qatirji Group" adlı şirkətə böyük məbləğdə xam neft satıb. Halbuki bu şirkət ABŞ və Avropa tərəfindən Əsəd rejiminə neft tədarük etdiyi üçün sanksiya siyahısına daxil edilib.
Məlumatda neftin Suriyanın şərqində YPG/PKK nəzarətindəki 30 kvadrat kilometrlik bir sahədən çıxarıldığı yazılıb. İŞİD-in də keçmiş illərdə eyni regiondan neft çıxararaq eyni şirkətlə ticarət etdiyi vurğulanıb.
ABŞ Maliyyə Nazirliyi və "Qatirji Group" şirkətinin rəsmiləri məsələyə münasibət bildirməyib.
ABŞ 2011-ci ildə Əsəd rejimi ilə neft ticarətini qadağan edib.
Qeyd edək k, ABŞ-ın dəstək verdiyi bu terror təşkilatı Suriyadakı neft ehtiyatlarının təxminən 70 faizini nəzarətdə saxlayır.