Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 8 fevral — Sputnik. "Mebel, alkoqolsuz içkilər, rezin və plastik məmulatlar istehsalı sahələrində e-qaimə-fakturaların tətbiqi 70-90 faiz səviyyəsində təmin olunursa, ev quşlarının yetişdirilməsi sahəsində bu göstərici 40 faiz, un istehsalı sahəsində 20 faiz, spirtli içkilər və qida sənayesi istehsalı sahələrində 10 faiz, bəzi sahələrdə isə hətta 5 faizdən aşağıdır".
Bu barədə ötən günlərdə vergilər nazirinin müavini Sahib Ələkbərov açıqlama vermişdi. Ekspertlər Azərbaycanda spirtli içkilər və qida sənayesi istehsalı sahələrində e-qaimə-fakturaların tətbiqi səviyyəsinin 10% olmasını Sputnik Azərbaycan-a şərh ediblər.
İqtisadçı-alim Vüqar Bayramov deyib ki, Vergilər Nazirliyi tərəfindən 2016-cı ildən etibarən spirtli içkilər, eləcə də siqaret məhsullarının satılmasında daha şəffaf proseduraların tətbiq edilməsi və bu biznesin leqallaşdırılması istiqamətində işlər görülüb: "Vergilər Nazirliyi həmin sektorda şəffaflığın genişləndirilməsində maraqlıdır. Amma reallıqda bizim apardığımız monitorinqlər göstərir ki, hələlik həmin sektorda çalışan sahibkarlar və ya biznes, məhz tam şəffaflığın bərpa edilməsində maraqlı deyil".
Onun sözlərinə görə, burada fərqli faktorlar var: "Birinci faktor budur ki, həmin sektorlarda uzun müddət inhisarçılığın və ya təmərküzləşmənin olması burada çalışan sahibkarların şəffaf işləməsinə imkan verməyib. Xüsusən 2018-ci ildə gizli iqtisadiyyata qarşı mübarizənin genişlənməsi müşahidə olunur".
Ekspert bildirib ki, praktiki olaraq 2015-ci ildən etibarən əksər sektorlarda inhisarın və təmərküzləşmənin aradan qaldırılmasına nail olunub: "Həmin sektorun da liberallaşmasına baxmayaraq, bu sektorda çalışan sahibkarlar yenə də əvvəlki qaydalarla işləməkdə daha çox maraqlı görünürlər, nəinki, məhz e-qaimələrdən istifadə etməklə prosesin şəffaflığının həyata keçirilməsində. O baxımdan həmin sektorda çalışan sahibkarların şəffaflıqda maraqlı olmaması təsir göstərən əsas faktorlardan biridir".
İqtisadçının fikrincə, ikinci faktor infrastrukturun tam hazır olmaması ilə bağlıdır: "Çünki topdan satış ilə məşğul olan sahibkarlar praktiki olaraq mövcud infrastruktur çərçivəsində elektron qaimələri tətbiq edə bilmir. E-qaimənin tətbiq edilməsi üçün həm də pərakəndə satış ilə məşğul olan sahibkarların və ya mağazaların e-qaimə sistemindən istifadə edə bilmələri çox vacibdir. Ona görə də infrastrukturun da formalaşdırılmasına və genişləndirilməsinə ehtiyac var".
V.Bayramovun qənaətincə, pərakəndə satış ilə məşğul olan sahibkarların da elektron qaimə sisteminə qoşulması və ondan istifadə etməsinə ciddi ehtiyac var: "O baxımdan infrastruktur da prosesin ləngiməsinin əsas faktorlarından biridir. Amma bütövlükdə bizim qiymətləndirməmiz göstərir ki, əsas faktor hələ də bir sıra sektorlarda, o cümlədən spirtli içkilər və tütün məhsullarının satışı sektorunda sahibkarların şəffaf işləməyə tam meyilli olmamasıdır".
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov isə deyib ki, problem vergi infrastrukturunun hələlik tam hazır səviyyəyə çatdırılmaması ilə bağlıdır: "Vergi sahəsində böyük islahatlar aparılır. Bu islahatların həyata keçirilməsi fiskal siyasətin daha mütərəqqi formata çevrilməsi ilə bağlıdır. Bu istiqamətdə böyük işlər görülür".
E-qaimə-fakturaların tətbiqinə gəlincə, ekspert bildirib ki, faktiki olaraq biznes mühiti hələ bu formatda işləməyə özünü hazır və uyğun bilmir: "Bu sektorda böyük iqtisadi maraqlar var. Bu sektorlarda çox böyük dövriyyə mövcuddur və bu dövriyyədə e-qaimə ilə hesablaşmaya keçid, görünür hansısa biznes subyektlərinə sərf etmir. Ona görə də aidiyyəti orqanlar fəal şəkildə bu proseslərlə məşğul olmalıdır. Bütün yükü Vergilər Nazirliyinin üzərinə də qoymaq olmaz".
"Ölkədə istehlak bazarının tənzimlənməsinə çox ciddi ehtiyac var. Biz ticarəti bir tərəfdən çevikləşdirməli, digər tərəfdən şəffaflaşdırmalıyıq. Bunun üçün də e-qaimələrin tətbiqinə ciddi şəkildə ehtiyac var. Amma təkcə Vergilər Nazirliyinin gücü ilə bunu etmək çox çətin olar. Aidiyyəti qurumlar bu məsələdə fəal olmalıdırlar" - deyə E.Məmmədov qeyd edib.