Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 8 fevral — Sputnik. "Azərbaycan-İran əlaqələri qızıl dövrünü yaşayır". Sputnik Azərbaycan xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib.
Səfir qeyd edib ki, İran-Azərbaycan əlaqələrini inkişaf etdirmək üçün yaxşı potensial var: "Bəzi qüvvələr iki ölkənin münasibətlərinin inkişaf etməsindən narazıdır. Həm İran, həm Azərbaycan təhlükəsiz ölkələrdir. Lakin bu təhlükəsizliyin təmin olunması heç də asan başa gəlməyib".
"Azərbaycanla İran arasında 2018-ci ildə ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 73% artıb. Yaxın perspektivdə İran-Azərbaycan əlaqələrini 5 milyard dollara çatdırmağa dair planımız var. İran və Azərbaycan prezidentləri son 5 ildə 12 dəfə həm Bakı, həm Tehran, həm də beynəlxalq konfransda görüşlər keçiriblər" - deyə səfir əlavə edib.
Səfir, həmçinin qeyd edib ki, İrana səfər edən xarici vətəndaşlar arasında azərbaycanlılar ikinci pillədə qərarlaşıb: "Çox sevindirici haldır ki, xarici səfər edən azərbaycanlıların 32%-i məhz İranı seçir. Onlar turizm, təhsil, səhiyyə üçün ölkəmizə gəlirlər. Azərbaycanlılar saya görə İraq vətəndaşlarından sonra İran İslam Respublikasına səfər edən ikinci dövlətdir".