BAKI, 6 fevral — Sputnik. Şamaxı, Ağsu və İsmayıllı rayonu ərazilərində baş verən zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət İşçi Qrup yaradılıb.
Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, monitorinq və müşahidələr aparmaq üçün İşçi Qrup sözügedən rayonlara ezam olunub.
Rabitə və Texnalogiyalar Nazirliyinin mətbuat xidmətindən də Sputnik Azərbaycan-a bildirilib ki, zəlzələ nəticəsində rabitə sisteminə heç bir ziyan dəyməyib. Adıçəkilən rayonlarda rabitənin işində problem yaranmayıb.
"Hazırda Şamaxı, İsmayıllı, Lerik və Ağsu sakinləri rabitə və internet xidmətləri ilə tam təmin edilib" - deyə nazirliyin məlumatında qeyd olunub.
Qeyd edək ki, fevralın 5-də axşam saatlarında Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində zəlzələ baş verib.