CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bapbalaca boyu var, dam dolusu... – On bir yaşlı istedad

Abunə olmaq
11 yaşlı qızdan, adətən, şıltaqlıq, dəcəllik və oyunlar gözləyirik. Günümüzün qəhrəmanı Səkinəxanım Şərifli isə heç 11 yaşlı uşağa bənzəmir. Niyəsini isə Sputnik Azərbaycan-ın videosunda izləyin.

Səkinəxanım 2008-ci ildə anadan olub və hal-hazırda Elçin Qaranzadə adına 270 nömrəli məktəbin 5-ci sinif şagirdidir. Uşaqlıqdan rəsmə marağı olan Səkinəxanım atasının onu həvəsləndirdiyini deyir. Balacalıqdan evin divarlarında rəsm çəkirmiş. Anası isə onu danlamaq əvəzinə, balaca qızının istedadını hələ uşaqlıqdan kəşf edib. Bir qədər böyüyəndən sonra onu rəsm kursuna yazdırmaq qərarına gəlib.

Bir bacısı və bir qardaşı var. Bacısı da Səkinəxanıma baxaraq həvəslənib, hətta onunla rəsm dərnəyinə belə, bir neçə dəfə gedib. Amma məlum olub ki, onun rəsmə o qədər də marağı yoxdur. Səkinəxanım isə əzmlə öz işini davam etdirib. 

Nəfis qoxulu incəsənət: Sputnikin loqosu qəhvədən çəkildi  - Sputnik Azərbaycan
VİDEO
Nəfis qoxulu incəsənət: Sputnikin loqosu qəhvədən çəkildi

“Bəs böyüyəndə nə olacaqsan, Səkinəxanım?”, deyə soruşuruq və cavabın nə olacağını əvvəlcədən bilirik:  “Əlbəttə ki, rəssam!”

Maraqlıdır, amma balaca Səkinəxanıma görə, rəsm çəkmək öz hisslərini büruzə vermək, əsəblərini sakitləşdirmək üçün bir alətdir.

“Bəs nəyə görə balaca Səkinə əsəbiləşir?” sualımıza cavabında deyir ki, bəzən məktəbdəki uşaqlar onun bu həvəsini ciddi qəbul etmir. Rəsm çəkməyin asan iş olduğunu düşünürlər. Və bu da balaca qəhrəmanımıza toxunur.

O, əl işlərini satmaq fikrində deyil. Rəsmlərini ancaq özü və sərgilənmək üçün işləyir. Amma çox sevdiyi insanlara da rəsmlərini hədiyyə etməyi sevir. Ümumiyyətlə, Səkinə çox ürəyiaçıq və səmimidir. Bizi ilk görəndə dərhal öpdü və qucaqladı, gedəndə isə bir əl işini bizə hədiyyə etdi.

Səkinəxanım 11 yaşlı uşağa heç oxşamır. Verdiyi cavablar, hər şeyə qarşı böyük marağı elə təəssürat yaradır ki, qarşında 5-ci sinif şagirdi deyil, tamamilə, kamil bir insan əyləşib. Çəkiliş vaxtı hər şeylə maraqlanır, kamera arxası proseslərin necə getdiyini sevə-sevə izləyir.

Hal-hazırda Səkinənin qabağında daha böyük məqsədlər var. O, insanların üz cizgilərini çəkməkdə kamilləşmək istəyir. Hələ ki, ancaq öz bacı və qardaşının portretlərini işləyib. Biz isə onun gələcəkdə daha da mükəmməlləşəcəyinə heç şübhə etmirik.

Xəbər lenti
0