CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram davam edir: Yeni il simvolunu qlazurla necə bəzəməli

Abunə olmaq
Şərq təqviminə görə bu gündən etibarən Sarı Torpaq Donuz ili başlayır. Bu cür proqnozlara və xüsusiyyətlərə inanmasaq belə, bu münasibətlə xüsusi peçenye yeməkdən imtina etmərik.

Biz qənnadıçı Larisa Kazımovadan zəncəfilli peçenye tərtib etməsini xahiş etdik. Bunu necə etmək lazım olduğunu və nəticəni Sputnik Azərbaycan-ın videosunda izləyin.

İlk öncə biz xüsusi qlazur hazırlamalıyıq. Qeyd edək ki, bu cür qlazur qənnadıçılar arasında “icing” (aysinq) adlanır. Zəncəfilli peçenye reseptləri isə internetdə boldur. İstədiyinizi seçə bilərsiniz. Aysinq hazırlamaq üçün biz 90 qram yumurta ağını və 500 qram şəkər pudrasını vam sürətdə mikserdə çırpırıq. Yüksək sürətdə çırpmaq məsləhət görülmür, bu halda qlazurda köpüklər əmələ gələcək və peçenyemiz istədiymiz kimi alınmayacaq. Orta sürətdə 4 dəqiqə ərzində çırpırıq.

Aysinq bərkiyib formasını tutanda, istədiyimiz miqdarı (haradasa 1-1.5 xörək qaşığı) qaba çəkirik. Qalmış aysinqi isə xüsusi “kornet” adlanan qənnadıçı paketinə və ya adi paketə çəkib soyuducuya qoyuruq. Hazır aysinq soyuducuda iki gün qala bilər, amma ağ rənglə həmin gün işləmək tövsiyə olunur. Bundan başqa, əgər istifadə edəcəyiniz qlazur soyuducuda qalıbsa, onunla peçenye bəzəmədən öncə onu yaxşıca ovuşdurmağınız da məsləhət görülür.

Xüsusi gel boyası əlavə edirik və ehmalca qarışdırırıq. Qlazurun daha yaxşı yayılması üçün suyu damcı-damcı əlavə edirik və yaxşıca qarışdırırıq. Qlazurlu qaşığı suya batırırıq və qaşıqda qalan su miqdarını ehmalca əlavə edirik. Burada qarışdırmaq çox önəmlidir. Beləliklə, istədiyimiz rəngi əldə edirik.

Gərək olacaq rəngləri xüsusi kornetlərə tökəndən sonra, yeni ilin rəmzini bəzəməyə başlayırıq. İlk öncə peçenyenin həm üstünü, həm də qıraqlarını ağ gel boyayla rəngləyirik. Bundan sonra 5-10 dəqiqə qurumasını gözləyirik.

İstədiyimiz şəkli trafaretə köçürürük. Şəklin əksini çap etsəniz, daha yaxşı olar. Rəsmin konturlarını adi qara karandaşla çəkirik və daha sonra onu peçenyenin üzərinə köçürürük.

İlk öncə arxa planda qalacaq elementlərdən - – əllər, ayaqlar və qulaqlardan başlayırıq. İlk öncə elementin sərhədlərini çəkir, daha sonra isə içini aysinqi az-az sıxaraq doldururuq. Hər hansı bir nahamarlığı isə aysinq bərkimədən adi diş çöpü ilə hamarlaşdırırıq. Hər şeyi olduqca tez və ehmalca etmək lazımdır, çünki bu cür aysinq tez bərkiyir.

Peçenyemizin yanaq və burun nahiyələrini isə daha qabarıq edirik ki, donuzumuz daha “toppuş” görünsün. Ətəyin balaq hissəsini də daha həcmli etsək, gözəl görünər. Daha sonra göz və qaşlarını adi qara boyayla çəkirik və bütün elementlərin hüdudunu qəhvəyi boyayla konturlayırıq ki, fiqur daha həcmli görünsün.

Vəssalam! Peçenyemiz hazırdır. Nuş olsun!

Qeyd: Qırmızı rəngli boya asanlıqla piqmentləşir. Buna görə də, bu rənglə işləyəndən sonra peçenyeni 10 dəqiqəlik qapısı açıq sobaya 50 dərəcədə qoymaq məsləhətdir.

Xəbər lenti
0