BAKI, 5 fevral — Sputnik. Antalyada 34 yaşlı azərbaycanlı Saleh Abdullayevin meyiti tapılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun meyiti otaq yoldaşının anası tərəfindən aşkarlanıb.
Hadisə Antalya şəhərinin Muratpaşa qəsəbəsinin Yüksəkalan məhəlləsində baş verib. Məlumata görə, Saleh Abdullayevin otaq yoldaşı 4 gün əvvəl Adana şəhərinə gedibmiş. Dünən günorta saatlarında onun anası evə gəlib və Salehin cansız bədəni ilə qarşılaşıb. Qadın dərhal polisə və təcili yardıma müraciət edib.
Saleh Abdullayevin həmin gün səhər saatlarında itini gəzdirməyə çıxardığı deyilir.
O, Antalyada bir müddət turizm sektorunda çalışıb. Ölümünün dəqiq səbəbinin müəyyən edilməsi üçün meyit morqa aparılıb.