BAKI, 4 fevral – Sputnik. 2004-cü il fevralın 4-də “Facebook” sosial şəbəkəsi yaradılıb.
Əsası Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulub və hazırda dünyada ən böyük sosial şəbəkədir. İlk adı “Thefacebook” olub.
2004-cü ilin fevral ayında Harvard Universitetinin tələbəsi Mark Zukerberq “Facebook” sosial şəbəkəsini yaratmaq fikrinə düşüb. Yeni sayt Harvard Universiteti tələbələrinin görüş yeri kimi hazırlanıb. Amma tezliklə çərçivə aşılıb, buraya digər universitetlər də dəvət edilib, az keçməmiş aktiv iştirakçıların sayı 66 milyonu aşıb və illik satışlar təxminən 150 milyon dollar olub.
Yeni “Facebook” şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq edib. Bu layihəyə ilk olaraq Piter Til investisiya qoyub, daha sonra ödəmə sistemi olan "PayPal"la əməkdaşlıq etməyə başlayıb.
“Facebook”da 2015-ci ilin avqustunda 1 milyardıncı insan qeydiyyatdan keçib. 2017-ci ilin iyununda aylıq auditoriya 2 milyard istifadəçi olub. Aylıq aktiv auditoriya 800 milyondan çoxdur. Bütün istifadəçilərin orta hesabla 50 faizi sayta hər gün daxil olur.
"Facebook"un Azərbaycan dilinə tərcüməsi 2008-ci ilin yay aylarından başlanılıb. İlk vaxtlarda həvəskarların aktiv olduğu tərcümə prosesinə sonradan xaricdə yaşayan və təhsil alan gənclər də qoşulublar. 3 mərhələdən ibarət olan tərcümə prosesinin ilk mərhələsində yalnız lüğət tərcümə olunub və səsvermə nəticəsində lüğət qəbul edilib. İkinci mərhələdə "Facebook"un özü tərcümə olunub. 2 oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. İstifadəçilər Hesab Tənzimləmələrindən Dil bölməsində müvafiq olaraq Azərbaycan dilini seçməklə "Facebook"u bu dildə istifadə edə bilərlər.