BAKI, 4 fevral — Sputnik. İstanbulun Ataşəhər rayonunda yerləşən bir restoranın açılışına qatılan mafia lideri, mütəşəkkil cinayətkar dəstənin başçısı Sedat Peker gözlənilməz açıqlamalar verib. Sputnik Azərbaycan "Haberler.com"-a istinadən xəbər verir ki, Peker insanları sənədli silahlar, ov tüfəngləri almağa çağırıb.
"Seçkilərdən sonra həm imperialistlər, həm də onların ölkəmizdəki tərəfdarlarının bir qismi Mərkəzi Seçki Komissiyasını tanımadıqlarını bildirirlər. Seçkinin nəticələrinə əsasən insanları, partiya üzvlərini küçələrə tökəcəklərini bəyan ediblər. Burada terror təşkilatının məqsədi müxalifət partiyalarının üzvlərinin sıralarına qoşularaq ölkəyə od vurmaq, onu dağıtmaqdır. Düzdür, polisimiz, əsgərimiz, kəşfiyyatımız buna imkan verməz. Ancaq Allah and olsun ki, bu vətənin övladları da ölkəmizi qarış-qarış qoruyacaq. Qardaşlarım, bu ölkənin bir qarışını da onlara verməyəcəyik" - deyə Peker qeyd edib.
O, vurğulayıb ki, silah yaxşı insanların əlində olduğu vaxt sığortalıdır: "Bu səbəbdən də, imkanı olan qardaşlarım silahlar alsınlar. Mütləq ov tüfəngləri alsınlar. Mütləq hazırlıqlı olun, qardaşlarım".