BAKI, 2 fevral — Sputnik. Köhnə model avtobusu yenisi ilə əvəz edib gətirən şəxs saxlanılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumata əsasən, Azərbaycan Respublikası vətəndaşı Tofik İlyasovun idarə etdiyi avtobus gömrükçülər tərəfindən saxlanılıb və idarənin dayanacağına gətirilən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı avtobusun üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması şübhə yaradıb.
İlkin araşdırma zamanı məlum olub ki, T.İlyasovun idarə etdiyi 2006-cı il buraxılışlı, "NEOPLAN" markalı, 806698 şassi nömrəli "99 KN 983" dövlət nömrə nişanlı avtobus Şəmsəddin Qasımov adlı başqa bir şəxs tərəfindən idarə edilərək Gürcüstana aparılıb. Daha sonra Ş.Qasımov idarə etdiyi həmin sərnişin avtobusu ilə eynilik təşkil etməyən, ağ rəngli "NEOPLAN" markalı yeni model başqa nəqliyyat vasitəsini "Mazımçay" gömrük postundan keçirməklə Azərbaycana gətirib. O, sərnişin avtobusunu yeni modeli ilə əvəz edib gətirərkən idarə etdiyi nəqliyyat vasitəsini yenə də əvvəlki - "99 KN 983" dövlət nömrə nişanı altında keçirib.
Azərbaycan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən müəyyən edilib ki, "NEOPLAN" markalı avtobusun 806698 rəqəmlərdən ibarət şassi nömrəsi kustar üsulla həkk olunub.
Faktla bağlı araşdırma aparılır.