BAKI, 2 fevral — Sputnik. Hava Nəqliyyatında Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 1966-cı il təvəllüdlü İbrahim Ələsgərov Heydər Əliyev Beynəlxalq Hava Limanının yerli uçuşlar terminalının qarşısında saxlanılıb.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
İdarəyə gətirilən İ.Ələsgərovun üzərində şəxsi axtarış keçirilən zaman ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Həmin maddə tədqiq olunması üçün məhkəmə ekspertizasına göndərilib. Ekspertin verdiyi rəyə əsasən məlum olmuşdir ki, tədqiq edilmiş maddə narkotik vasitə olan qurudulmuş marixuanadır və çəkisi 1 kiloqram 34 qramdır.
Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və yaşadığı Naxçıvan Muxtar Respublikasına aparan zaman polislər tərəfindən saxlanıldığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.