CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ailə peşəsini davam etdirən qardaşlar – Bərdəni dünyaya tanıtdırmaq istəyirlər

© Sputnik / Musa MuradliOymaçı usta Zaur Hətəmov
Oymaçı usta Zaur Hətəmov - Sputnik Azərbaycan
Abunə olmaq
Bərdədə sandığı, mücrünü, nərdi oyma üsulu ilə istehsal edəcək xüsusi emalatxana yaradılıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 2 fevral — Sputnik. Bərdədə Zaur və Rauf qardaşları Təzə Bazar deyilən ticarət mərkəzində oyma sənətinə aid məişət əşyaları və suvenirlər hazırlamaq üçün emalatxana qurublar. Hələ çox adam bu məkanı tanımasa da, emalatxana sahibləri gəlib-gedən müştərilərin azlığından elə də şikayət etmirlər. Çünki sifarişlər var, qazancları pis deyil.

© Sputnik / Musa MuradliOymaçı usta Zaur Hətəmov
Ailə peşəsini davam etdirən qardaşlar – Bərdəni dünyaya tanıtdırmaq istəyirlər - Sputnik Azərbaycan
Oymaçı usta Zaur Hətəmov

Gənc rəssam, oymaçı Zaur Hətəmov Sputnik Azərbaycan-a danışarkən bildirib ki, əslən Şuşadandırlar. Atası Tərtərin Qaradağlı kəndinə müəllim işləmək üçün gəlib. O da Tərtərin Qaradağlı kəndində doğulub. Son bir neçə ildir ki, Bərdə şəhərində yaşayır.

Sənətə gəlməyindən danışan oymaçı-rəssam hələ kiçik yaşlarından incəsənətlə maraqlandığını deyib: "11-12 yaşım olardı, Azərbaycan televiziyasında "Yurdum, yuvam, məskənimsən" uşaq verilişi var idi. Uşaqların əl işlərini göstərirdilər və mən də rəsmlərimi həmişə ora göndərirdim. Daha sonra həyətimizdəki tut ağacından tar düzəltdim. Beləliklə gördüm ki, rəsmlərin də ağac üzərində oyması mümkündür. Başladım oyma sənəti ilə məşğul olmağa".

© Sputnik / Musa MuradliOymaçı usta Zaur Hətəmovun əl işi
Ailə peşəsini davam etdirən qardaşlar – Bərdəni dünyaya tanıtdırmaq istəyirlər - Sputnik Azərbaycan
Oymaçı usta Zaur Hətəmovun əl işi

"Müharibə başlayandan sonra, 1988-1994-cü illər arasında yaradıcılığı davam etdirmək mümkün olmadı. Nəhayət, 1997-ci ildə, hərbi xidməti başa vurandan sonra yenidən öz sənətimə qayıtdım. Bakıda sexlərin birində ağac oymaçısı kimi işə başladım" – deyə həmsöhbətimiz əlavə edib.

Dediyinə görə, bu sənətdə nəsildən gəlmə qabiliyyətin də rolu böyükdür: "Belə sənətlər, əsasən nəsildən keçmə olur. Əmim uzun müddət mebel fabrikində baş usta işləyib. Çox gözəl inkrustasiya işləri görüb. Ondan da bəhrələnmişəm. Babam da ağac ustası, dülgər olub. Bəzi alətləri mişarı, kərkini onun yanında görmüşəm".

Bu sənətə olan maraq Zaurda ali təhsil almaq arzusu oyadıb: "Rəssamlıq Akademiyası yaranandan sonra sənədlərimi hazırlayıb ora verdim. Qabiliyyət imtahanından uğurla keçərək tələbə oldum. Görkəmli sənətkarımız, Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının məzunu, sənətşünas Afət Aslanovanın rəhbəri olduğu "Təsviri incəsənət və sənətşünaslıq" fakültəsində təhsil aldım".

© Sputnik / Musa MuradliOymaçı usta Zaur Hətəmovun əl işi
Ailə peşəsini davam etdirən qardaşlar – Bərdəni dünyaya tanıtdırmaq istəyirlər - Sputnik Azərbaycan
Oymaçı usta Zaur Hətəmovun əl işi

Sənətkar əsl sənətlə ciddi məşğul ola bilmədiyinə görə təəssüf edir: "Maddi çətinliklərə görə biz yaradıcılıqla məşğul ola bilmədik. Məcbur olub, dolanışığımızın xətrinə "xaltura" yolunu tutduq. 20 ilə yaxındır ki, oyma sənəti ilə məşğul oluram. Bərdədə sandıq, mücrü, nərdi oyma üsulu ilə istehsal edəcək xüsusi emalatxana yoxdur. Ustalar fərdi olaraq özləri belə məhsullar hazırlayıb, bazara çıxarırlar. Ancaq qardaşımla bu işləri komplektləşdirib, emalatxana yaratdıq. Bura minifabrik də demək olar".

"Məqsədimiz odur ki, burada hazırladığımız məhsulları Respublikanın bütün ərazisinə çatdıraq. Türkiyənin Qəhrəmanmaraş şəhəri oymalı sandıq işində məşhurlaşdığı kimi, biz də yaşadığımız Bərdəni bu işimizlə birinci eləmək istəyirik. Özümüzə məxsus dizaynla, oyma işləri ilə hazırladığımız məhsullarla xalqımızı sevindirmək arzusundayıq" – deyə oymaçı əlavə edib.

Emalatxanada çəkilən zəhmətin artıq ilk məhsulları da hazırdır: "Emalatxanamızda ilk olaraq sandıqlar istehsal etmişik. Ancaq məhsullarımızın çeşidi zəngin olacaq. Nərd, mücrü, ov silahı üçün futlyar, ov, yaxud da suvenir bıçaqlar üçün qabların eskiz, dizaynını hazırlayırıq ki, yaxın zamanlarda istehsala başlayaq".

Zaur usta atdığı bu addımın uğurlu olduğunu qeyd edərək, işlərin belə gedişindən məmnunluğunu ifadə edib: "Başlanğıcı üçün elə də güclü maliyyə vəsaiti tələb olunmadı. İş üçün alətlər, avadanlıqlarımız var idi. İkinci əsas amil işçi qüvvəsidir ki, özüm, uzun müddətdir bir yerdə işlədiyim qardaşım Rauf, bir nəfər də tələbəmizlə birlikdə qarşımıza qoyduğumuz planı icra edə bilirik".

© Sputnik / Musa MuradliOymaçı usta Zaur Hətəmovun əl işi
Ailə peşəsini davam etdirən qardaşlar – Bərdəni dünyaya tanıtdırmaq istəyirlər - Sputnik Azərbaycan
Oymaçı usta Zaur Hətəmovun əl işi

Oymaçının sözlərinə görə, hazırladığı məhsullara tələbat həmişə var: "Bu sənət milli mənəvi dəyərlərimizdən sayılır. Mələsən, sandıqlara bazarda tələbat çoxdur. Çünki sandıq hələ qədim zamanlardan indiyə qədər, mebel bolluğu olsa belə, əvəzolunmaz cehiz atributu olaraq qalır. Cehizlikdə sandığın olması, demək olar ki, mütləqdir. Artıq pulunu ödəyib, sandıq sifariş verən xeyli sayda müştərilərimiz var. Çalışacağıq ki, gələcəkdə daha gözəl sandıqlar hazırlayaq."

Həmsöhbətimiz məşğul olduğu işin çətinliklərindən də danışıb: "Problemlər hər zaman olur. Buna görə başqalarından kömək ummuram, çətinliklərdən həmişə öz gücümüzə güvənərək çıxırıq. Görəndə ki, nəyəsə pul lazımdır, hazırladığımız məhsullardan satıb, ehtiyaclarımızı qarşılayırıq".

Xəbər lenti
0