Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Qara Dərviş" sirlərini açdı: "Özümə heykəl qoymağa başlamışam"

© Sputnik / Irade JELIL"Qara Dərviş" adı ilə tanınan musiqiçi, bəstəkar, ifaçı, aranjemançı, musiqi mühəndisi Hikmət Poladzadə
Qara Dərviş adı ilə tanınan musiqiçi, bəstəkar, ifaçı, aranjemançı, musiqi mühəndisi Hikmət Poladzadə - Sputnik Azərbaycan
Abunə olmaq
"Son illər həyatımın səhnədə, studiyada keçdiyi üçün öncəki kimliyimi yavaş-yavaş unuduram"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. "Sən günəşsən, amma mənim sabahlarımda doğmursan..."

Bu mahnını ilk dəfə dinləyəndə, sözləri, musiqisi, ən başlıcası isə ifaçının səsi məni özünə cəlb etmişdi. İnternetdə axtaranda ifaçısının "Qara Dərviş" olduğunu öyrəndim və digər mahnılarını - "Bağışla", "Yorğun", "Sərxoş", "Qocalmısan" və s. dinlədim. Dinlədikcə də bu ifaçı ilə yaxından tanış olmaq fikrinə düşdüm.

Öyrəndim ki, İstanbulda yaşayır. Və qərara gəldim ki, budəfəki Türkiyə səfərimdə onunla görüşüm. Həm də sevdiyim "Sən günəşsən" mahnısını canlı dinləyim. Nəhayət, çoxunun "Qara Dərviş" adı ilə tanıdığı musiqiçi, bəstəkar, ifaçı, aranjemançı, musiqi mühəndisi Hikmət Poladzadə ki, görüşdük. Sənətindən, yaradıcılığından, xəyallarından, özündən, həyat tərzindən, yaradıcılığından danışdıq.

Sputnik Azərbaycan-ın oxucularına "Qara Dərviş"lə müsahibəmizi təqdim edirik:

© Sputnik / Irade JELIL"Qara Dərviş" adı ilə tanınan musiqiçi, bəstəkar, ifaçı, aranjemançı, musiqi mühəndisi Hikmət Poladzadə
Qara Dərviş sirlərini açdı: Özümə heykəl qoymağa başlamışam - Sputnik Azərbaycan
"Qara Dərviş" adı ilə tanınan musiqiçi, bəstəkar, ifaçı, aranjemançı, musiqi mühəndisi Hikmət Poladzadə

- Bir qədər Hikmət Poladzadə haqqında danışın. Kimdir o?

- 1990-cı ildə Bakı şəhərində anadan olmuşam. 3 yaşımdan musiqi ilə iç-içəyəm. Uşaqlıqdan musiqiyə marağım olduğu üçün başqa peşə haqqında düşünməmişəm də. Seyid Cəfər Pişəvəri adına gimnaziyanı bitirdikdən sonra, sənədlərimi konservatoriyaya vermək istəyirdim. Amma ilkin musiqi təhsilim olmadığı üçün bu, mümkün deyildi. Bu səbəbdən də Memarlıq və İnşaat Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil oldum. Təhsilə başlayanda sevdiyim sənəti də unutmadım, gitarada ifa etməyə başladım. İnternetdən mahnılar tapıb ifa edirdim.

- Demək, musiqi təhsiliniz yoxdur?

- Yox, var. Bir vokalist xanım tanışımın təklifi ilə vokal dərsləri almağa qərar verdim. Bəstəkar Tofiq Quliyevin gəlini Elmira xanımın təşəbbüsü ilə Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının vokal sinfinə daxil oldum. İki il təhsil aldıqdan sonra hərbi xidmətə getdim. Hərbi xidmətə getməmişdən əvvəl özümə studiya açmışdım. Orada həm öz işlərimi görür, həm də çalışırdım. Ancaq nədənsə mahnıları yazan zaman bəyənsəm də, səsləndirmə məni qane etmirdi. Əsgərlikdə olanda əlimə "Səsləndirmə sənəti" adlı kitab keçdi. Həmin kitabdan nəzəri biliklər öyrəndim. Hərbi xidməti başa vurduqdan sonra öz studiyama qayıtdım, işləməyə davam etdim. Ancaq yenə də əvvəlki problemlərlə qarşılaşırdım, sənətimlə bağlı araşdırmalar aparırdım. Bir gün internetdə qarşıma çıxdı ki, səs mühəndisliyi üçün nəzəri biliklərlə yetinmək mümkün deyil, eyni zamanda praktika da olmalıdır. Maraqlandım, ancaq Azərbaycanda səs mühəndisliyi ilə bağlı təhsil ala biləcəyim bir təhsil müəssisəsi yox idi.

- Ona görə İstanbula gəldiniz?

- Azərbaycana yaxın ölkələrin birində musiqi mühəndisliyini oxumaq istəyirdim. İnternetdən axtaranda qarşıma SAE institutu çıxdı. Bu, dünyada ən böyük və məşhur səs mühəndisliyi akademiyasıdır. Mən də onun İstanbul şöbəsində təhsil almağa qərar verdim. Ailəm də bu istəyimi çox yaxşı qarşıladı.

- Nə vaxtdan buradasınız?

- 2012-ci ildən İstanbuldayam. SAE akademiyasını bitirdikdən sonra təhsilimi təkmilləşdirmək üçün Bahçaşehir Universitetinin Səs texnologiyaları fakültəsində magistratura təhsili aldım. Hazırda səs mühəndisliyi üzrə tezis yazıram. Onu bitirdikdən sonra Türkiyəni də tərk edəcəm. Həmçinin də səs mühəndisliyi ilə bağlı iki kitab yazıram. Təhsil Nazirliyi tərəfindən təsdiq ediləndən sonra tiraja veriləcək.

- Ölkələri tərk etməyinizin səbəbi nədir?

- Ölkələri tərk etmə səbəbim yaşaya bilməməyimlə yox, tələb və təkliflə bağlıdır. Sırf yaradıcı insan olaraq tələblərimə uyğun təkliflər görmürəm. Buna görə də burada da yaşamağı düşünmürəm. Ümumiyyətlə, düşünmürəm ki, ömrümün sonuna kimi hansısa ölkədə yaşayacağam. Yaradıcılıq elədir ki, gərək ölkələr gəzəsən, monotonluq yaradıcılığı da məhv edir.

© Sputnik / Irade JELIL"Qara Dərviş" adı ilə tanınan musiqiçi, bəstəkar, ifaçı, aranjemançı, musiqi mühəndisi Hikmət Poladzadə
Qara Dərviş sirlərini açdı: Özümə heykəl qoymağa başlamışam - Sputnik Azərbaycan
"Qara Dərviş" adı ilə tanınan musiqiçi, bəstəkar, ifaçı, aranjemançı, musiqi mühəndisi Hikmət Poladzadə

- Maraqlıdır, hansı səbəbdən "Qara Dərviş" təxəllüsünü seçdiniz?

- "Qara Dərviş" adının tarixçəsi 2005-ci ilə dayanır. Mən intibah dövrü Azərbaycan stilində yazıram. Müasir Azərbaycan ədəbiyyatından daha çox Nəsimi, Füzuli dövrünə önəm verirəm. Buna görə o vaxt mənə "dərviş" deməyə başlamışdılar. Bəzi insanlar deyirdilər ki, yazılarım qəlizdir, başa düşmək olmur. Yazdıqlarımın çətin, başadüşülməyən olduğuna görə mənə "Qara Dərviş" deyirdilər.

- Sonra bu adı sevdiniz...

- Bəli. İlk mahnını yazanda müəllifini də qeyd etmək lazım idi. Həmin dövrdə musiqi bazarında öz adı ilə tanınan kifayət qədər adam var idi. Mən də qeyri-adilik istəyirdim deyə, "Qara Dərviş" yazdım və o vaxtdan bu, belə davam edir. Bir müddət sonra bu iki ad şəxsiyyət ikiləşməsinə səbəb oldu. Məsələn, gündəlik həyatımda özümü "qara" kimi dəyərləndirmirəm. Amma səhnəyə addım atdığım andan etibarən mən "qara"yam. Son illər həyatımın səhnədə, studiyada keçdiyi üçün öncəki kimliyimi yavaş-yavaş unuduram. Hamı da məni "qara" deyə çağırır.

- Bildiyimə görə, ilk professional bəstəniz Nəsiminin "Sığmazam" qəzəlinə olub.

- 2006-cı ildə Nəsiminin qəzəlini bəstələmişəm, bu, ilk işim olub. Və mən bu qəzəlin tək bəstəçisiyəm. O vaxt bəstlərimi qeyd etməyə imkanım yox idi deyə, qardaşımın mənə gətirdiyi gitara pedalına yazmışdım. Onun demo versiyası internetdə var, amma keyfiyyətli olmadığına görə ondan çox danışmıram. Yaxın zamanlarda "Sığmazam" və "İstə məni" bəstələrini yenidən qeydə alacağam.

- Həyatda məqsədiniz nədir, xüsusi planlarınız varmı?

- Arzularım yoxdur, ancaq məqsədim var. Məqsədə çatmaq üçün də alqoritm olmalı, addım-addım irəli getməlisən. Haqq-Tala insanın özündədir. Tanrı da, Şeytan da insanın özüdür. Məqsədə çatmaq üçün əvvəlcə məqsədə inanmalıyıq, ona çatmaq üçün kortəbii addım atmamalıyıq. Məqsədlərimdən biri heykəlimin qoyulmasıdır. Bu heykəlin daşdan olması mütləq deyil və artıq o, qoyulmağa başlayıb. Mənə Xalq artisti, Əməkdar artist olmaq lazım deyil. Alim Qasımovla 3 duetim var. Onlardan birini yayımlamışam hələ. Əlixan Səmədovla 2, Rasim Balayevlə 1 və Nisə Qasımoav ilə duetlərim var. Bu insanlarla duet oxuduqca düşünürəm ki, özüm özümə heykəl qoyuram. Onlarla mahnılar ifa etməklə adlarından istifadə etmirəm. Onların ifalarında mənim əməyimin də olması heykəlimi qoyur.

- Sizcə, yetərincə tanınırsınızmı?

- Tanınmaq tərəfdarı olmamışam və yetərincə tanınmıram. Bəzən mənə deyirlər ki, "sən burada boş yerə sərf olunursan". 29 yaşım var və düşünürəm ki, indi ən çox enerjili vaxtdımdır. Düşünmürəm ki, zamanla enerji bitəcək, amma azalan-artan vaxtları olacaq. Ona görə də çəkdiyim zəhmətin qarşılığı bu olmamalıdır. Bu, şikayət deyil, özünütənqiddir. Yetərincə tanınmamağım da mənim günahımdır. Musiqilərimi dinləyənlərin 90 faizi məni üzdən tanımır, çünki mahnılarımda ancaq loqo qoymuşam, "Qara Dərviş" yazmışam. Maksimum çalışıram ki, dinləyən insanlar ancaq mahnıya köklənsin. İstəmirəm, fanatım olsun, istəyirəm ki, mən öləndən sonra da mahnılarımı ehtiyacı olanlar dinləsin. Mahnılarımı dinləyən özünü baş rolda görməlidir.

- Toylara, klublara dəvət alırsınızmı?

- Mən kafedə, barda, toyda oxuyan adam deyiləm, konseptim o deyil. İldə iki konsert verirəm. İstərdim ki, konsertlərimin sayı çox olsun, amma buna imkan yoxdur. 60-70 nəfərin qarşısında hansısa barda konsert vermək istəmirəm. Musiqi bazarında bir tendensiya var ki, hər ay mahnı çıxarmasan, izlənmə sayı azalır. Məndə isə bu problem yoxdur. Bəzən elə olur ki, ildə 1 mahnı yazıram.

© Sputnik / Irade JELIL"Qara Dərviş" adı ilə tanınan musiqiçi, bəstəkar, ifaçı, aranjemançı, musiqi mühəndisi Hikmət Poladzadə
Qara Dərviş sirlərini açdı: Özümə heykəl qoymağa başlamışam - Sputnik Azərbaycan
"Qara Dərviş" adı ilə tanınan musiqiçi, bəstəkar, ifaçı, aranjemançı, musiqi mühəndisi Hikmət Poladzadə

- Bəs necə dolanırsan?

- Musiqiçiyəm, aranjemanlar edirəm, saunttreklər yazıram. Səs mühəndisliyi mənə yardım edir. Ölkə xaricində də film musiqiləri olur. Hazırda yaşam reallığımı onunla keçirirəm. Studiyasız yaşaya bilmədiyimə görə, hara getdimsə, studiya açıram. SAE-yə daxil olanda müəllimlərim demişdi ki, "bu işi seçirsənsə, sosial həyatın sıfırlanır, çünki studiyadan kənara çıxa bilmirsən". Ən böyük rahatlığım mahnı bitəndən sonra olur. Aranjemanını etdiyim mahnıları və insanları özüm seçirəm. Sırf pul qazanmaq üçün çalışmıram. Məqsədim təvazökarlıqdan uzaq olmaq deyil. Sadəcə çalışıram ki, keyfiyyətli musiqi yaradım. Yaxın 30 ildə "Oskar"a iddialıyam, buna doğru addımlayıram. Düşünürəm ki, qoyulan məqsəd görülən işin 50 faizidir.

- Təbii ki, bütün işlərin çətin tərəfləri də var. Çətinliklərlə qarşılaşanda bezmirsiniz ki?

- İş prosesində baş verən neqativlər məni ruhdan salmır. Türkiyədə qarşıma bir suvenir çıxmışdı. Üzərində yazılmışdı ki, "Əslində, insanlar səni xəyal qırıqlığına uğratmır. Sən səhv insanlar üzərində xəyal qurursan". İnsan həyatındakı insanları düzgün seçəndə görəcəyi işlər də qaydasında davam edir.

- Deyəsən, yaradıcılıq şəxsi həyatınızı kölgədə qoyub?

- Şəxsi həyatımı reklam etməyi sevmirəm. Amma bir reallıq var ki, məni atam-anam, həyat yoldaşım belə, görmək istəsə, gərək studiyaya gəlsin. Düşünürəm ki, gələcəkdə ailə həyatı qursam, gərək evdə studiya yaradım. Əks halda, yaşaya bilmərəm. Bəzən gecə də durub gitara axtarıram.

- Mahnılarınızda sevgi qoxusu da var...

- Mən sevgidən yazmıram, biz kimisə sevmirik. Bizdə sevgi tələbi var, bizə komfort, rahatlıq verəni sevirik. Fikrimcə, insanlar tənbəlləşdikcə tanrılar "doğuldular". İnsan xislət olaraq nəyəsə sığınmağı xoşlayır. Sevgi də belə bir hissdir. Sən bir insana hər şeyi ver, istədiyi hər şey olsun, o insan işləməyəcək. İnsan amalı olmadığı zaman ölür. Monoton həyat və özünü təkrar da ölümdür.

- Azərbaycanda musiqi sahəsində vəziyyəti necə qiymətləndirirsiz?

- Hazırda Azərbaycan musiqi bazarında mahnıların 90 faizi özünütəkrardır. Yerdə qalan 10 faiz isə zülm çəkir. Azərbaycan estrada bazarı çox aşağı səviyyədədir. İnternetdə "Azərbaycan estradası" yazanda, ancaq toyxana mahnıları qabağına çıxır. Keyfiyyət isə baxış sayı ilə ölçülmür. Əgər ölçülürsə, baxış sayı aşağı olan əsər daha çox keyfiyyətlidir. Çünki yaradıcı insanların baxış sayı az olur. Onların gördükləri işi yayımlamaq kimi ehtiyacları olmur.

P.S.

"Qara Dərviş"lə çox mövzulardan danışdıq. Sonda da xahişimi nəzərə alıb, sevdiyim "Sən günəşsən" mahnısını canlı olaraq ifa etdi.

Xəbər lenti
0