BAKI, 1 fevral — Sputnik. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bu ölkənin Milli Müdafiə Universitetinin (National Defense University) dəvəti əsasında universitetin müəllim və tələbə heyəti qarşısında "Azərbaycan: Strateji bölgədə etibarlı tərəfdaş" mövzusunda çıxış edib.
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səfir Elin Süleymanov çıxışı zamanı öncə dinləyicilərə ölkəmizin və regionumuzun coğrafiyasından söhbət açıb, Azərbaycanın böyük geosiyasi əhəmiyyətə malik ölkə və dünya əhəmiyyətli strateji mərkəz olduğuna diqqət yönəldib. Səfir iştirakçılara müsəlman Şərqində ilk parlamentli respublikanın məhz Azərbaycanda yarandığı barədə məlumat verərək, respublikanın qısa müddətdə mövcud olmasına rəğmən bir sıra Qərb dövlətlərindən əvvəl həyata keçirdiyi mütərəqqi islahatlarından və dövlət quruculuğu sahəsində gördüyü mühüm tədbirlərdən, habelə seçki sahəsində milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq təmin etdiyi hüquqlardan danışıb.
Dövlət müstəqilliyimizin bərpasından sonra ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəinki ölkəmizin, bütövlükdə regionun iqtisadiyyatının inkişafına və müstəqilliyimizin qorunmasına xidmət etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün Azərbaycan Respublikası nəinki öz müstəqilliyini qoruyub saxlayır, hətta qlobal səviyyədə cərəyan edən hazırkı mürəkkəb geosiyasi mühitdə regionun ən müstəqil siyasət yürüdən dövləti kimi tanınmaqdadır.
Həmçinin, Azərbaycandakı xalqlar və dinlər arasında anlaşma mühitinin, Azərbaycan ərazisində uzun əsrlər boyu müsəlman və yəhudi icmalarının sülh şəraitində yaşamasına diqqət yönəldib. Azərbaycanda tarixən müxtəlif dini və etnik qrupların dinc şəkildə birgə yaşadığının bu gün də dünyada təqdir edildiyi vurğulanıb.
Daha sonra Azərbaycanın uğurlu enerji strategiyası, neft və qaz ehtiyatları, ölkəmizin təşəbbüsü və aparıcı rolu əsasında icra olunan layihələr barədə məlumat verilib, bu layihələrin hətta qlobal miqyasda enerji təhlükəsizliyi baxımından əhəmiyyət kəsb etdiyi bildirilib. Səfir, həmçinin vurğulayıb ki, Bakı nefti tarix boyu dünya miqyasında sülhə töhfə verməsi ilə də seçilib. Buna misal olaraq, Nobel qardaşlarının ötən əsrin əvvəllərində Azərbaycan neft sənayesində fəaliyyətinin Nobel mükafatının təsis edilməsinə verdiyi töhfə və İkinci Dünya Müharibəsi zamanı faşizm üzərində qələbədə Bakı neftinin rolu qeyd olunub.
Səfir, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasının, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsinin, eləcə də 2017-ci ildə "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Sazişin müddətinin 2050-ci ilə qədər uzadılmasının əhəmiyyətindən danışıb. Bununla yanaşı, Cənub Qaz Dəhlizinin yekunlaşması istiqamətində həyata keçirilən səylərdən bəhs olunub. Bildirilib ki, sözügedən enerji layihələrinin icrası ilə qurulan uzunmüddətli və möhkəm əsaslara malik tərəfdaşlıq əlaqələri hazırda Azərbaycanın etibarlı və ciddi tərəfdaş kimi tanınmasına imkan yaradıb, sözügedən işlər nəticəsində Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayıb.
Azərbaycanın həyata keçirdiyi irimiqyaslı nəqliyyat infrastruktur layihələri barədə danışan səfir, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı-Tiflis-Qars dəmir yolunun, habelə Əfqanıstan və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Lapis-Lazuli tranzit və nəqliyyat yolunun işə düşməsinin, eləcə də qurulmaqda olan Ələt Azad İqtisadi Zonası üzrə aparılan işlərin regionun inkişafına, habelə Asiya ilə Avropanın nəqliyyat sistemlərinin inteqrasiyasına əsaslı töhfə baxımından əhəmiyyətinə toxunub.
Elin Süleymanov daha sonra Azərbaycanın ABŞ-la tərəfdaşlıq münasibətlərindən danışıb, Azərbaycanın qlobal terrorçuluq əleyhinə səylərə verdiyi töhfələri, Balkanlar, İraq və Cənubi Sudanda beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı, xüsusən də Əfqanıstanda təhlükəsizliyin bərqərar edilməsi üçün ABŞ və koalisiya qüvvələrinə tranzit imkanlarını təmin etməsi, Əfqanıstana ölkəmizin ikitərəfli dəstəyi barədə danışıb. Azərbaycanın kütləvi qırğın silahlarının yayılmaması sahəsində ABŞ-la əməkdaşlığı, eləcə də "Boeing" və "Peyk" sənayesi daxil olmaqla ABŞ-la ticarət əlaqələri barədə məlumat verilib.
Səfir regionda sülh və inkişafa mane olan əsas amil kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın sülhə əngəl yaradan siyasəti barədə dinləyicilərə ətraflı məlumat verib. Bildirilib ki, postsovet ölkələrində olan münaqişələr oxşar köklərə və elementlərə malikdir. Səfir bildirib ki, 2016-cı ilin aprel ayında baş vermiş toqquşmalar bir daha sübut edir ki, ABŞ, Fransa və Rusiya həmsədrliyi ilə aparılan danışıqlar prosesinin aktivləşməsinə və münaqişənin qısa müddətdə həll olunmasına ehtiyac var.
Sonda dinləyicilər səfir Elin Süleymanova Azərbaycan-ABŞ tərəfdaşlığının müxtəlif ABŞ administrasiyalarının dövrləri üzrə müqayisəli təhlili, ölkə ixracının diversifikasiyası, Cənubi Qafqazda təhlükəsizlik, həmçinin ölkəmizin regional xarici siyasətinin digər istiqamətlərinə aid suallar ünvanlayıblar.
Qeyd edək ki, 1976-ci ildə əsası qoyulmuş Milli Müdafiə Universitetinin əsas məqsədi ABŞ və xarici dövlətlər üçün milli və beynəlxalq təhlükəsizlik çağırışlarının qiymətləndirilməsi ilə məşğul olacaq hərbi və mülki kadrların hazırlanmasıdır. Beş kollecdən ibarət universitetin Azərbaycan da daxil olmaqla, dünyanın 90-dan çox ölkəsindən məzunları vardır.