BAKI, 1 fevral — Sputnik. Sumqayıt şəhər sakini Sahib Ağayev bildirib ki, ŞPİ Post-Patrul Xidmətinin əməkdaşları - polis baş serjantı Elnur Abdullayev, polis serjantları Bəxtiyar Xəlilov və Hikmət Yunuszadə onların həyatını xilas ediblər.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
H.Z.Tağıyev qəsəbəsində yaşayan S.Ağayev bildirib ki, yanvarın 18-də saat 4.25-də qapının möhkəm döyülməsinə oyanıb. Qapıda polis əməkdaşlarını görəndə əvvəl çox həyəcanlanıb. Amma, sən demə, onlar həmin vaxt uzaqdan evdən qatı tüstü qalxdığını müşahidə etdiklərindən mənzil sakinlərinə köməklik göstərmək, onların bayıra çıxarılmasını təmin etmək üçün yaxınlaşıblar. Yanğın baş verən otaqda ev sahibinin yaşlı anası yatıbmış. Polislər dərhal həmin otağa daxil olublar və onu boğulmaqdan xilas ediblər.
Yağınla əlaqədar əməkdaşlar dərhal ŞPİ-nin növbətçi hissəsinə, Təcili Tibbi Yardıma və Fövqəladə Hallar Nazirliyinin Regional Yanğınsöndürmə İdarəsinə xəbər verdiklərindən onların da təmsilçiləri hadisə yerinə gəliblər. Yanğınsöndürənlər tərəfindən alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.
Sahib Ağayev bir ailənin həyatını xilas etdiklərinə görə polislərimizə minnətdarlıqlarını bildirib, insanların həyat və sağlamlıqlarının qorunması istiqamətində də ayıq-sayıqlıq, uğurlu xidmət arzulayıb.