BAKI, 31 yanvar - Sputnik. Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri Eldar İbrahimov komitənin 2018-ci il payız sessiyasında gördüyü işlərdən danışıb.
"Hesabat dövründə komitənin 11 iclası keçirilib, bu iclaslarda 27 məsələ, o cümlədən 15 qanun layihəsi müzakirə edilib. 15 qanun layihəsi parlamentdə qəbul edilib" - deyə o bildirib.
Komitə sədri qeyd edib ki, hesabat dövründə komitəyə 29 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub, 17 ərizə tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib, 12 ərizə isə təkrar daxil olduğu və ərizə, şikayət və müraciətlərə dövlət idarə, təşkilat və orqanlarından verilən cavablar olduğu üçün işə alınıb.
"Dövlət idarə, təşkilat və orqanlarına göndərilən ərizələrdən 7-si kənd təsərrüfatı məsələləri və torpaq islahatları haqqında, digər 10 ərizə isə sosial, işsizlik, səhiyyə, məhkəmə və vəzifəli şəxslərin fəaliyyətinə dair şikayətlərlə əlaqədardır. O cümlədən həmin dövrdə 16 şikayətçi komitə sədri tərəfindən Milli Məclisdə qəbul edilib" - deyə E.İbrahimov vurğulayıb.