Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 31 yanvar — Sputnik. "Samara vilayətində iki azərbaycanlı uşağın öldürülməsi hadisəsi baş verməyib". Bunu Sputnik Azərbaycan-a "Samara vilayəti azərbaycanlıları liqası" İdarə Heyətinin sədri, Rusiya Federasiyası Vəkillər Kollegiyasının üzvü Şirvan Kərimov "törədilmiş cinayət" haqqında Azərbaycan və Rusiya KİV-lərində yayılan xəbəri şəhr edərkən deyib.
Qeyd edək ki, yanvarın 29-da bir sıra KİV-lər belə bir məlumat yayıb ki, Çapayevsk şəhəri yaxınlığında azərbaycanlı bacı və qardaşın meyiti tapılıb. Həmin yeniyetmələrin 17 yaşlı Əsgərov Naib Şamməd oğlu və 14 yaşlı Əsgərova Aidə Şamməd qızı olduğu bildirilib. Öldürülənlərin cəsədləri yaşayış olmayan ərazidə aşkarlanıb. O da bildirilirdi ki, yeniyetmələrin atası biznesmendir.
Lakin Kərimovun sözlərinə görə, nə Samara vilayətində, nə də Çapayevsk şəhərində bu adda adamlar yaşayır: "Xəbər, tamamilə yalandır. Biz hazırda həmin məsələ ilə məşğuluq. Mən rəsmi orqanların bu barədə mövqeyinin hazırlanmasını gözləyirəm".
"Bizim tərəfimizdən isə KİV-in həqiqətə uyğun olmayan hərəkətlərini qınayan bəyanat yayılacaq. Yeri gəlmişkən, tezliklə Rusiyada yalan məlumat yaymağa görə cəzaların sərtləşdirilməsi ilə bağlı qanun qəbul olunacaq. Düşünürəm ki, artıq Azərbaycanın da belə bir addım atmasının vaxtı çatıb" - deyə Kərimov bildirib.
Vəkil qeyd edib ki, bəzi "jurnalistlər"in, xüsusilə uşaqlar haqqında yalan məlumat yaymaları onlar tərəfindən əxlaqsızlıqdır: "Çünki bu mövzular həmişə ağrılı qarşılanır. Sözügedən məlumatı ilk olaraq Azərbaycan saytları yayıb. Sonra isə onlardan Rusiya və hətta Türkiyə KİV-ləri götürüb. Bununla əlaqədar olaraq, Moskvadan hüquq-mühafizə orqanlarının rəhbərliyindən ciddi göstəriş gəlib ki, vəziyyət analiz edilsin və baş verənlərə müvafiq qiymət verilsin".
"Təsəvvür edə bilməzsiz ki, burada belə hadisə baş verməyib. Mən Rusiya Federasiyası Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın milli və dini məsələlər komissiyasının sədri, hüquq məsələləri üzrə komissiya sədrinin insan hüquqları üzrə müaviniyəm. Məhkəmə, güc strukturları və İctimai Nəzarət Komissiyası ilə daimi əlaqədəyəm. Ona görə də onların hamısı milli azlıqlarla bağlı kiçik bir hadisə belə, baş verəndə dərhal məni xəbərdar edirlər" - Ş.Kərimov vurğulayıb.
"Özü də bu məlumat uşaqlarla əlaqədardır. Əgər belə şey olsa, ilk mən xəbər tutardım. Burada Rusiya-Azərbaycan münasibətlərinə çox həssas yanaşırlar. Mən siyasi elitaya daxiləm və bütün bunların nə olduğunu bilirəm" - həmsöhbətimiz əlavə edib.
O, bu yalan məlumatların təsadüfi xarakter daşımadığından şübhələnir: "Niyə məhz Samara vilayətini seçiblər? Yəqin ki, bunun arxasında nə isə dayanır".