BAKI, 30 yanvar — Sputnik. Dünya birliyində Qarabağ münaqişəsinin güc yolu ilə həll olunmamasına dair konsensus var. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu bu gün Yerevanda jurnalistlərin suallarını cavablandıran Rusiyanın xarici işlər nazirinin müavini Qriqoriy Karasin bildirib.
Onun sözlərinə görə, üç əsas vasitəçi – Rusiya Federasiyası, Birləşmiş Ştatlar və Avropa İttifaqı (Fransa tərəfinin təmsil etdiyi) güc ssenarisinin tamamilə istisna olunması məsələsində yekdildirlər.
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, Ermənistan və Azərbaycan rəhbərlərinin son aylarda baş tutan görüşləri hesabına nisbi sakitlik bərqərar olub: "Qarşıda növbəti görüşlər var. Mən belə anlayıram ki, bu görüşlər müxtəlif səviyyələrdə - həm xarici işlər nazirləri, həm də hər iki ölkənin lideri səviyyəsində keçiriləcək. Görüşlər, substantiv olması, nəticələr verməsi və irəliləyişlərin əldə olunması üçün yaxşı təşkil olunmalıdır. İndi Dağlıq Qarabağ problemi ətrafında beynəlxalq vəziyyətin proqnozlaşdırıla bilən və sakit olması olduqca önəmlidir".