BAKI, 29 yanvar — Sputnik. "Respublikada əməliyyat şəraiti bütövlükdə nəzarətdə saxlanılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı baxımından ölkəmizin ötən il də MDB və Avropa məkanında öncül mövqeyini saxlayaraq ən təhlükəsiz və sabit dövlətlərdən biri olub". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər naziri (DİN) Ramil Usubov kollegiya iclasında bildirib.
O qeyd edib ki, 2018-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.381 cinayət qeydə alınıb, onların 84,7 faizinin açılması təmin olunub.
"Bu cinayətlərin 92,4 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmaqla onların 89,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. Ağır və xüsusilə ağır cinayətlər 24,3, adam öldürməyə cəhdlər 3,1, qəsdən sağlamlığa ağır zərər vurmalar 16, mülkiyyət əleyhinə cinaytələr 7,7, o cümlədən quldurluqlar 4,8, avtonəqliyyat vasitəsinin qaçırılması 7, dələduzluqlar 28, habelə qrup halında törədilən cinayətlər 2,2, ailə münaqişəsi zəminində baş verənlər 4,5, yol-nəqliyyat hadisələrində ölənlər 3,7, xəsarət alanlar 0,5 faiz azalıb" – deyə nazir qeyd edib.
Daxili İşlər naziri, həmçinin bildirib ki, peşəkarlıqla həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətlərin ağır və xüsusilə ağır növlərinin açılması 4,4, şəxsiyyət əleyhinə cinayətlərin açılması 0,8, o cümlədən adam öldürməyə cəhdlərin açılması 2,7, mülkiyyət əleyhinə cinayətlərdən olan dələduzluqların açılması 3,1, soyğunçuluqların açılması 1,3, quldurluqların açılması 0,7, hədə-qorxu ilə tələb etmələrin açılması 2,4, avtonəqliyyat vasitəsinin qaçırılmasının açılması 6,2, habelə xuliqanlıqların açılması 2,5 faiz yaxşılaşıb.
Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 332 cinayətin açılması təmin edilib.
"102-Zəng Mərkəzi" Xidmətinə daxil olan məlumatlar üzrə operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 1801 cinayətin "isti izlər"lə açıldığını, 9.435 hüquqazidd əməlin qarşısının alınıb. "Təhlükəsiz şəhər" sisteminin texniki imkanları ilə 566 cinayət açılıb, 20.480 hadisə aşkarlanıb, axtarışda olan 90 avtomobil saxlanılıb. Ümumən, polisin əsas funksiyalarından olan cinayətlərin açılması 85,5 faiz təşkil edib. Məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3794 nəfər və ya müqayisə edilən dövrə nisbətdə 11 faiz çox təqsirləndirilən şəxs tutulub. Bütövlükdə, axtarış işinin nəticələri 3,1 faiz yaxşılaşaraq 74,5 faiz təşkil edib" - deyə o qeyd edib.
Nazir diqqətə çatdırıb ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2277 cinayət törətmiş 869 cinayətkar qrup zərərsizləşdirilib, polis əməkdaşlarına silahlı müqavimət göstərən 5 nəfər məhv edilib.
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qeyri-leqal dövriyyədən 1 ton 136 kiloqram narkotik vasitə çıxarılıb, 45 cinayətkar qrup zərərsizləşdirilib. Ümumi çəkisi 138 tona yaxın narkotik tərkibli bitki yığılaraq yaşıl kütlə halında məhv edilib.
İnsan alverinin və bu cinayətin qurbanlarının müəyyən edilməsi üzrə Milli Fəaliyyət Planı əsasında görülən işlər də ardıcıl olub. Nəticədə 144 insan alveri və 4 məcburi əmək cinayəti müəyyən edilib, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, bu cinayətlərin qurbanı olmuş 98 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.
Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işinin istintaqı aparılıb ki, onlardan 80 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi 2017-ci illə müqayisədə 2 faiz yaxşılaşaraq 86,8 faiz təşkil edib.