Nigar Məhərrəm, Sputnik Azərbaycan.
BAKI, 28 yanvar — Sputnik. "Qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gələn körpələrdə bir sıra problemlər aşkarlanır. Bu zaman körpədə tənəffüs və ağciyər funksiyasının, yeni doğulmuşun termodinamikasının, o cümlədən metobolik proseslərin pozulması, qan təzyiqinin qeyri-stabilliyi müşahidə edilir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin doktoru Elmira Əliyeva deyib. O bildirib ki, belə uşaqlarda birincili tip şəkərli diabetin, bronxial astmanın artması, xərçəng, piylənmə və sair fəsadlar müşahidə edilir.
E.Əliyevanın sözlərinə görə, qeyri-klinik vəziyyətə görə lüzumsuz qeysəriyyə əməliyyatlarının azaldılması üçün maarifləndirmə işləri aparılmalıdır: "ÜST qeysəriyyə əməliyyatının audit komissiyasının yaradılmasını təklif edir. Bu komissiya lüzumsuz qeysəriyyə kəsirlərinini icrası, səbəbləri və göstərişləri ilə bağlı müəyyən məsələləri araşdırmalıdır".
"Qeysəriyyə əməliyyatlarının sayının artmasında, əlbəttə ki, həkim və klinikaların da maraqları danılmazdır. Amma bu, belə olmamalıdır" - deyə ekspert vurğulayıb.