Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda sərnişin avtobusunda faciə baş verib, ciddi araşdırmalar aparılır

© Photo : BNDAvtobuslar
Avtobuslar - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücünün məsuliyyətsizliyi ucbatından bir qadın hərəkətdə olan avtobusun altına düşüb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Sərnişindaşıma zamanı təhlükəsizlik qaydalarının pozulmasının növbəti qurbanı Bakı şəhərinin 69 yaşlı sakini olub. Sürücünün məsuliyyətsizliyi ucbatından bir qadın hərəkətdə olan avtobusun altına düşüb. Bu barədə Sputnik Azərbaycan-a Nizami Rayon Polis İdarəsindən məlumat verilib.

Эксперт в области транспорта председатель общественного объединения гуманитарной поддержки Хаят Азер Аллахверанов - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Yol terroru" 5 ildə 5 minə yaxın insanımızı həlak edib

Belə ki, yanvarın 20-də Nizami rayonu Qara Qarayev prospektində, 125 nömrəli binanın yaxınlığında "General Auto Company" nəqliyyat şirkətinə məxsus 15 saylı marşrut xətti üzrə hərəkət edən 10 TH 201 dövlət nömrə nişanlı "Daewoo" markalı avtobusdan Ağalarova Afərin Kamran qızı yıxılıb.

Zərərçəkmiş qadın dərhal 3 saylı Kliniki Şəhər Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, qadın yanvarın 24-də vəfat edib. Faktla bağlı avtobusun sürücüsü, 24 yaşlı Həsənov Qismət Tariyel oğlu saxlanılıb. Polis hazırda araşdırma aparır.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Sputnik Azərbaycan-a bildirib ki, 15 saylı marşrut avtobusu paytaxtın daxilində, Qara Qarayev prospektindən "NZS" qəsəbəsi istiqamətində hərəkət edir: "Sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi müntəzəm iş aparır. Belə xoşagəlməz halların qarşısını almaq və yaxud onların sayını minimuma endirmək üçün Agentlik kompleks tədbirlər həyata keçirilir".

"Hazırda ölkəyə yeni avtobuslar gətirilir və onların hesabına avtomobil parkı yenilənir. Yeni avtobuslar gətiriləndən sonra artıq "Daewoo" tipli avtobuslar marşrut xətlərindən çıxarılacaq və bu, cari il ərzində baş verəcək" - Ağayev deyib.

Mətbuat xidməti rəhbərinin dediyinə görə, yeni avtobuslar rahat olacaq və bütün standartların tələblərinə cavab verəcək: "Onları peşəkar sürücülər idarə edəcəklər Baş vermiş hadisə bir daha onu göstərir ki, adıçəkilən marşrutlarda işləyən sürücülər məsuliyyətsizdir və öz vəzifələrinə səhlənkar yanaşırlar".

Ağayev onu da əlavə edib ki, özəl avtoparklar qəbul olunmuş bütün normalara cavab verən yeni nəqliyyat vasitələrini özləri alıb gətirməlidir: "Əks təqdirdə, onlar marşrut xətlərinə buraxılmayacaq. BNA isə yeni avtobusları dövlət xətti ilə əldə edir".

Azər Allahverənov - Sputnik Azərbaycan
Ekspert: “Yol hərəkəti təhlükəsizliyində vahid dövlət siyasətinin olması vacibdir”

Qeyd edək ki, ötən sutka ərzində Bakıda iki nəfər yol-nəqliyyat hadisəsinin qurbanı olub. Yanvarın 24-də Kliniki Tibbi Mərkəzdə Bakı şəhərinin 42 yaşlı sakini Müşviqli Xanlar Bəhmən oğlu ölüb. O, yanvarın 17-də saat 22:00-da Binəqədi rayonu ərazisində, Süleyman Sani Axundov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsinin qurbanı olub. Müşviqli yolu keçərkən 37 yaşlı Piriyev Rəşad Xurşud oğlunun idarə etdiyi "Nissan" markalı avtomobillə vurulub.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, yanvarın 22-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə keçirilən 2018-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub ki, 2017-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin və qəzalarda xəsarət alanların sayı 4,2 faiz azalsa da, həlak olanların sayı 2,4 faiz artıb. Yol hərəkətinə nəzarət prosesində 864 min 216 inzibati xəta aşkar olunub, o cümlədən 132 avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Xəbər lenti
0