CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah güzəştli mənzillər satışa çıxarılacaq: Yeni güzəşt təklif olunur

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
"Mənzillərin xərcinin üçdə biri dövlət hesabına kompensasiya edilərsə, bu, sosial kredit üçün ödənilən aylıq ödənişlərin də qiymətinin aşağı düşməsinə səbəb olacaq"

BAKI, 24 yanvar — Sputnik. "Sabah Yasamal Yaşayış Kompleksində yerləşən 174 sosial mənzil satışa çıxarılacaq. Elektron satış sabah saat 11:00-da başlayacaq və fevralın 8-də eyni saatda başa çatacaq. Birinci satışda olduğu kimi bu dəfə də "ilk müraciət ilk mənzil" prinsipi tətbiq ediləcək. Sosial ev almaq üçün 10 min nəfərin qeydiyyatdan keçdiyini nəzərə alsaq, bu, o deməkdir ki, ev almaq istəyində olanların 2 %-dən azı mənzilə sahib olacaq. Yəni 98 faiz sosial ev axtaran mənzil seçimi edə bilməyəcək".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Sabah güzəştli mənzillər satışa çıxarılacaq: Yeni güzəşt təklif olunur - Sputnik Azərbaycan
Vüqar Bayramov

Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb. O bildirib ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) hazır olan evləri satışa çıxarır: "Bütövlükdə Yasamal Yaşayış Kompleksində 1843 ailə mənzillə təmin ediləcək. Bu isə o deməkdir ki, Kompleks mövcud qeydiyyatdan keçmiş tələbin 18 faizindən bir az artdığını ödəyəcək. Sabahkı satışda mənzil sahibi olacaq ailələr ilə seçim edə bilməyənlərin nisbətinə diqqət yetirsək, aydındır ki, elektron satışda iştirak edənlərin böyük əksəriyyətinin ev alması texniki baxımdan mümkün deyil. Ən azı ona görə ki, mənzillərin sayı məhduddur".

Ekspertin yazdığına görə, MİDA Yasamalda və daha sonra Hövsanda mənzilləri mərhələləri şəkildə satışa çıxaracaq və tələb də mərhələli şəkildə ödəniləcək: "Agentliyin tələbi tam və ya, əsasən, qısa zamanda ödəməsi texniki baxımdan mümkün də deyil. Satış zamanı narazılıqların olmaması və eləcə də prosesin daha da təkmilləşdirilməsi üçün müəyyən işlər görmək lazımdır. Əvvəllər də qeyd etdiyimiz kimi, güzəştli mənzil seçimində "first-come, first-served" prinsipli seçimi birmənalı qarşılanmır. Doğrudur, belə seçim şəffaflığın təmin edilməsi üçün texniki imkanlar yaradır, kənar müdaxilələri minimumlaşdırır və əslində uyğun Strateji Yol Xəritəsində də bu meyar qeyd edilib".

"Bununla belə, "first-come, first-served" və ya "ilk müraciət, ilk mənzil" prinsipinin özünün qruplaşdırılması mümkündür və bu zaman ev sahibi ola bilməyənlərin arasındakı inamsızlığı aradan qaldırmaq olar. Çünki mövcud qaydalara görə, kompüterdə daha cəld işləyə bilənlər ev seçimində daha çox üstünlüyə malikdir. Aydındır ki, bu yanaşma daha çox texniki vərdişlər ilə bağlıdır. Bu baxımdan güzəştli kateqoriya prinisipi saxlanılmaqla "çevik seçim" mexanizmi çərçivəsində sosial sub-qruplaşmada tətbiq olunması vacibdir" - deyə o qeyd edib.

Bayramovun fikrincə, MİDA-nın müraciətlərin sosial struktruna uyğun olaraq seçim meyarları müəyyənləşdirməsi daha məqsədəuyğun olardı: "Çünki müraciətlər sosial kriteriyaya uyğun olaraq qruplaşdırılmalıdır. İlkin olaraq daha çox sosial dəstəyə ehtiyacı olan vətəndaşlar (həsas qruplar) evlə təmin edilməlidir. Həssas qrupların müəyyənləşdirilməsində qanunvericilikdə boşluq olduğu halda, bununla bağlı hüquqi bazanın möhkəmləndirilməsi mümkündür. Birinci mərhələdə mənzili olmayan şəhid ailələri, ailə başçısını itirmiş ailələr və mənzili olmayan elmlər doktorlarına mənzillər təklif edilə bilər. Xüsusən də himayəsində azyaşlı uşaqları olan həyat yoldaşını itirmiş xanımlara belə imkan yaradılması məqsədəuyğundur. Çünki həmin ailələrin daha çox sosial qayğıya ehtiyacı olduğundan onların mənzil probleminin ilk növbədə həll edilməsi vacibdir. Çoxuşaqlı, evi olmayan aztəminatlı ailələr də prioritet qrupa daxil oluna bilər".

Mütəxəssis bildirib ki, sonrakı mərhələdə digər sosial qruplara güzəştli mənzillərdən istifadə imkanı verilməlidir: "Bu zaman isə satışda potensial 10 min nəfər eyni vaxtda deyil, mərhələli şəkildə iştirak edəcək və bu da seçim zamanı fərqli səbəblərdən yaranan narazılığı və inamsızlığı ciddi şəkildə azaldacaq". 

Yasamal yaşayış kompleksi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Güzəştli mənzilləri əldə etmək daha rahat olacaq

İqtisadçı qeyd edib ki, 2019-cu ildə dövlət büdcəsinin xərclərinin 17 faiz artacağını nəzərə alsaq, bu istiqamətə daha çox vəsaitin ayrılması mümkündür: "Belə ki, ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayacaq. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq".

"Mənzillərin qiyməti həmin ərazidə yerləşən anoloji mənzil qiyməti ilə müqayisədə aşağı olsa da, sosial mənzillərin qiymətinin daha da ucuzlaşması məqsədəuyğun olardı. Təklif edirik ki, dövlət sosial mənzillərin inşası ilə bağlı xərcin bir hissəsini öz üzərinə götürsün. Xərcin kompensasiya edilməsi nəticə etibarilə qiymətin aşağı düşməsinə gətirib çıxaracaq. Mənzillərin xərcinin üçdə biri dövlət hesabına kompensasiya edilə bilər. Burada əvəzsiz kompensasiyadan söhbət gedir. Bu, sosial kredit üçün ödənilən aylıq ödənişlərin də qiymətinin aşağı düşməsinə səbəb olacaq" - V.Bayramov yazıb.

"Odur ki, biz xərcin üçdə birinin dövlət tərfindən əvəzsiz olaraq qarşılanmasını təklif edirik və hesab edirik ki, bu, aztəminatlı vətəndaşların maraqları baxımından daha faydalıdır. Bu halda 1 otaqlı mənzilin qiyməti 19950 manata, 2 otaqli mənzilin qiyməti 31521 manata, 3 otaqli mənzilin qiyməti isə 43750 manatadək azalacaq. Buna uyğun olaraq aylıq ödənişlər orta hesabla 1 otaqlı mənzil üçün 87 manata, 2 otaqlı mənzil üçün 147 manata, 3 otaqli mənzil üçün isə 188 manatadək azala bilər. Bu isə aztəminatlı ailələr üçün daha məqbul hesab oluna bilər" - deyə o əlavə edib.

Ekspert hesab edir ki, MİDA tərəfindən hər elektron satışda mənzil alan şəxslərin ad və soyadları və onların hansı güzəştli qrupa aid olması ilə bağlı siyahının mətbuat vasitəsilə yayımlanması və Agentliyin internet səhifəsində yerləşdirilməsi məqsədəuyğun olardı: "Hazırkı iqtisadi islahatların hədəfinin şəffaflığın gücləndirilməsi oduğundan, bu, sosial evlərin satışı zamanı şəffaflığın və hesabatlılığın artmasına səbəb ola bilər. Nəticədə, sosial mənzillərin satışına inamı gücləndirər. Mənzil sahib olanlar ilə bağlı məlumat kommersiya sirri hesab edilməməlidir və MİDA həmin məlumatların ictimailləşdirilməsi ilə bağlı öncədən potensial alıcılar ilə elektron anlaşma bağlaya bilər". 

Mənzilin açılmış qapısı, arxiv şəkli - Sputnik Azərbaycan
Ev sahibi mənzilini satmaq üçün inanılmaz elan verdi

Bayramovun sözlərinə görə, ötən həftə "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na edilən dəyişikliklər, mütərəqqidir və bu baxımdan satış mexanizminin daha da təkmilləşdirilməsi imkanları var: "Yeniliklərdən biri "Güzəştli mənzil" sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını almasıdır. "Güzəştli mənzil" sistemində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Yəni əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq gözləmə qaydasında həmin mənzil birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək. Digər dəyişiklik Agentlik tərəfindən mənzillərin satış qiymətinə tətbiq edilən əlavə endirimlərdən yararlanmaq istəyən vətəndaşlar üçündür. Bu yeniliyə əsasən, mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçün satış elanı veriləcək. Qeyd edək ki, "Güzəştli mənzil" sistemində olan bu yeniliklər 2019-cu il mayın 1-dən etibarən tətbiq ediləcək". 

"Beləliklə, sabah yeni sosial mənzillər satışa çıxarılacaq. Ümid edək ki, mənzilə ciddi ehtiyacı olanlar ev sahibi ola biləcəklər" - deyə iqtisadçı vurğulayıb.

Xəbər lenti
0