BAKI, 24 yanvar — Sputnik. “Bu, ölkənin daxili işlərinə kobud şəkildə qarışmaqdır”. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Venesuelada baş verənləri dəyərləndirərkən bildirib.
"Deyə bilərəm ki, bu, suveren ölkənin daxili işlərinə kobud şəkildə qarışmağa dair daha bir nümunədir. Bildiyiniz kimi, Maduronun fiziki olaraq aradan qaldırılması da daxil olmaqla, onun hakimiyyətdən uzaqlaşdırmağa dair bir neçə cəhd olub" - deyə Lavrov Əlcəzair XİN rəhbəri Abdulqədir Mesahelemlə görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
O, həmçinin Venesuela müxalifətini başqalarının, özü də çox çirkli oyunda piyada olmamağa çağırıb.
Lavrov vurğulayıb ki, dünya birliyi Venesuelada daxili böhranın aradan qaldırılması üçün kömək göstərməlidir.
Xatırladaq ki, ötən gecə Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaido özünü müvəqqəti prezident elan edib. Birləşmiş Ştatlar və daha 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.