Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 22 yanvar — Sputnik. Son günlər Gürcüstanda yayılan "donuz qripi" (H1N1 virusu) 20-yə yaxın insanın ölümünə səbəb olub. Virusun qonşu ölkədə geniş yayılması Azərbaycan vətəndaşlarını da təşvişə salıb. Hətta sosial şəbəkələrdə bəzi şəxslər H1N1 virusunun Azərbaycana da keçdiyini iddia edirlər.
Sputnik Azərbaycan-ın əməkdaşı bu mövzuda hər kəsi maraqlandıran sualları Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəsi, professor Hande Harmancıya ünvanlayıb.
- Gürcüstanda "donuz qripi"nin yayılmasını donuz fermalarının çoxluğu ilə əlaqələndirirlər. Bu fikirlə razısınız?
- Öncə onu qeyd edim ki, Gürcüstanda hazırda dolaşan "donuz qripi" İnfluenza A (H1N1) virusudur. Bu virus yeni deyil, ilk dəfə 2009-cu ildə quşlardan donuzlara, donuzlardan isə insanlara keçib. Və məhz insanlara donuzlardan keçdiyi üçün "donuz qripi" kimi tanınır. Artıq yeni olmayan H1N1 virusu mövsümi virusa çevrilib. Gürcüstanda da məhz belə yayılıb.
- Səhiyyə Nazirliyinin açıqlamasına görə, Azərbaycanda bu virusun yayılmasına dair fakt aşkarlanmayıb. Bunun nəyin nəticəsi kimi qiymətləndirirsiniz?
– Gürcüstanda, Türkiyədə və Azərbaycanda hər il olduğu kimi bu il də qrip Səhiyyə Nazirliyi tərəfindən nəzarətdədir. Azərbaycanda ifrat olmayan qrip virusu yayılıb. Aparılan araşdırma nəticəsində məlum olub ki, son 10 ildə Azərbaycanda yeni virus aşkarlanmayıb. Bu da o deməkdir ki, Azərbaycanda "donuz qripi" virusu aşkarlanmayıb.
- Bundan sonra Azərbaycana "donuz qripi"nin keçməsini nə dərəcədə real hesab edirsiniz?
- Qrip viruslarının bir ölkədən digər ölkəyə keçməsinin qarşısını almaq qeyri-mümkündür. Əvvəllər virusların qarşısını almaq üçün sərhədlər bağlanırdı, sərhədlərdə yanğın törədilirdi ki, viruslar ölsün, həmin qonşu ölkə ilə ticarət əlaqələrinə qadağa qoyulurdu və s. Amma aparılan müşahidə göstərir ki, bunlar da virusun bir ölkədən digərinə keçməsinin qarşısını ala bilmirdi. Yəni istənilən ölkədən digərinə hər hansı virusun keçmə riski yüksəkdir. Bir sözlə, bütün ölkələr eyni dərəcədə risk altındadır.
- Vətəndaşlar bu virusa yoluxmamaq üçün hansı tədbirlər görməlidirlər?
- "Donuz qripi"ndən qorunmağın ən yaxşı üsulu peyvəndlərdir. Xüsusilə bir qrup insanlar var ki, onlara peyvənd vurulması mütləqdir. Bunlar hamilə qadınlar (hamiləliyin istənilən ayında peyvənd oluna bilərlər), 5 yaşdan aşağı uşaqlar, 65 yaşdan yuxarı böyüklər, xüsusi xəstəliyi olan (şəkərli diabet xəstələri, ürək çatışmazlığından əziyyət çəkənlər, asma, ağciyər xəstəlikləri olanlar) şəxslərdir. Eyni zamanda, virusa tutulma riski çox olan şəxslərə də yaşından asılı olmayaraq mütləq peyvənd vurulmalıdır.
- Peyvənddən başqa nələr etmək lazımdır?
- Eyni zamanda, öncədən görüləcək tədbirlər virusun yayılmasının qarşısını ala bilər. Bunun üçün mütəmadi olaraq normal sabun ilə əlləri tez-tez yumaq lazımdır. Mikrobların çoxu kimi qrip virusu da əldən keçə bilər. Daha sonra asqıran və ya öskürən zaman ağızı salfetlə tutmaq, sonra salfeti zibil qutusuna tullamaq müləqdir. Boğaz ağrısı, hərarət, baş ağrıları olarsa, başqa insanlardan uzaq durmaq lazımdır. Mümkün olarsa, məktəbə və ya işə getməmək daha məqsədəuyğundur.