BAKI, 21 yanvar — Sputnik. 2019-cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanına qeydiyyat elan edilib. Dövlət İmtahan Mərkəzindən (DİM) Sputnik Azərbaycan-a verilən məlumata görə, abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur.
Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.
İmtahanın müddəti 3 saatdır. Yazı tələb olunan açıq tipli tapşırıqların cavabları "cavab vərəqi"ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə "cavab kartı"ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları şagirdlərdən təhvil alınır.
Sınaq imtahanına qeydiyyat 4 fevral saat 09:00-dək aparılacaq. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, İmişli, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq.
Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində "Şəxsi kabinet" yaradılmalıdır. "Şəxsi kabinet"in "Hesab" bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (20 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə "Şəxsi kabinet"in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub "İmtahana buradan yazılın" düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və "Qeydə al" düyməsi basılır. Bundan sonra "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərsiniz.
Yazı işlərinin yoxlanılması ilə əlaqədar və iştirakçıların sayından asılı olaraq imtahanın nəticələri ən tezi 2 həftədən sonra elan olunacaq. Abituriyentlərə imtahanda topladıqları ballar 400 ballıq şkala üzrə təqdim olunacaq.
Abituriyentlərin nəzərinə çatdırılır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.
Qeyd edək ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanının yalnız bir dəfə keçirilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, imtahanlar ali təhsil müəssisələri və məktəblərdə tədris prosesinə mane olmamaq üçün həftə sonları keçirilir. DİM tərəfindən təşkil olunan ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları, qəbul imtahanları (iki şans), eləcə də digər müxtəlif təyinatlı imtahanlar və onların kütləvi xarakteri kağız daşyıcılar vasitəsilə əlavə sınaq imtahanlarının keçirilməsini məhdudlaşdırır.
Lakin DİM tərəfindən mütəmadi olaraq onlayn sınaq imtahanları keçirilir. Abituriyentlər http://otk.az portalı vasitəsilə onlayn sınaq imtahanlarında iştirak edə bilərlər.
Xatırladaq ki, qəbul imtahanlarının həm I, həm də II mərhələsinə aid yeni sual paketləri daimi olaraq portala yerləşdiriləcək. Abituriyentlər imtahanda iştirak etmək üçün ödənişi edərkən diqqətli olmalıdırlar. Kağız daşıyıcılar vasitəsilə keçirilən sınaq imtahanları üçün ödəmə DİM-in saytında olan şəxsi kabinet və ödəmə üsulları vasitəsilə aparılır. Onlayn sınaq imtahanlarına yazılma və ödəniş isə www.otk.az portalında aparılır.