Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 21 yanvar — Sputnik. Çətinliyi və əziyyəti ilə seçilən sənətlərdən biri də heykəltəraşlıqdır. Sputnik Azərbaycan-ın əməkdaşı bu çətin sənətin ustası, heykəltəraş Teymur Qəribovla həmsöhbət olub. Əvvəlcədən qeyd edək ki, T.Qəribov 18 nömrəli tam orta məktəbin qarşısında ucaldılmış Mikayıl Müşfiq abidəsinin müəllifidir.
- Necə oldu ki, bu sənəti seçdiniz?
- Elə adamlar var ki, onlar peşəni seçir. Amma məndə belə olmayıb, sənət məni seçib. Erkən yaşlardan plastilindən müəyyən fiqurlar yaradaraq bu yerə gəlib çıxdım. İncəsənət Gimnaziyasında, İncəsənət Universitetinin heykəltəraşlıq fakültəsində təhsil almışam. Magistraturanı bitirdikdən sonra isə artıq sərbəst fəaliyyətə başlamışam.
- Artıq Teymur Qəribov dedikdə, ilk olaraq 18 nömrəli məktəbin qarşısında ucaldılmış möhtəşəm bir heykəlin müəllifi yada düşür. Mikayıl Müşfiqin heykəli hansı əziyyətlər hesabına başa gəldi?
- Bu heykəllə bağlı müxtəlif çətinliklər oldu. Heykəli böyük ölçüdə işləyib hazırladıqdan sonra sifarişçinin - Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovun müəyyən maddi sıxıntıları yarandı. Daha sonra heykəlin yerinin təyin edilməsi ilə bağlı problemlər oldu. Bu səbəblərə görə Mikayıl Müşfiqin heykəlini 5 il emalatxanada saxlamalı oldum.
- Bu heykəli niyə iki dəfə işləyib hazırlamalı oldunuz?
- Qış ayları idi, emalatxanaya gələndə heykəlin yerə aşdığını gördüm. Don vurduğu üçün heykəl yıxılmışdı.
- Sonrakı aqibət necə oldu?
- Əsər məndən təhvil alındıqdan sonra isə sifarişçi İsa Nəcəfov tərəfindən Cabir Novruz fonduna hədiyyə edildi.
- Dediniz ki, bu sənəti plastilinlə işləyərək sevmisiniz. Bəs indi necə, plastilindən istifadə edirsiniz?
- Əlbəttə, bu gün də plastilindən müxtəlif fiqurlar yaradıram. Plastilin bizim əsas materialımızdır, hər zaman yanımızda olur. Çünki kiçik ölçülü heykəllər plastilinlə hazırlanır. Böyük ölçülü heykəllərdə isə gildən istifadə edirik. Çünki böyük ölçülü işlər üçün həm plastilin tapmaq, həm də istənilən effekti almaq çətindir.
- Plastilinlə hazırladığınız işləri necə qoruyursunuz?
- Balaca bir işi saxlamaq istədikdə mütləq həmin plastilin işinin qəlibini çıxardıram. Çünki plastilini uzun müddət saxlamaq mümkün olmur. Xüsusən də yayda, isti havalarda plastilin tez xarab olur.
- Skeletin düzgün qurulması, işin qüsursuzluğu üçün heykəltəraş nələri bilməlidir?
- Hər bir heykəltəraşın anatomiya biliklərinə sahib olması mütləqdir. Çünki insan fiqurunu yaratmaq üçün ilk növbədə anatomiyanı, skeletin strukturunu bilmək lazımdır. "Karkaz" da insanın skeleti, sümüklərinə yaxın bir formada qurulur. "Karkaz"ı qurduqdan sonra ona plastilinlə forma verilir. Kiçik bir günəş fiqurunun yaradılması üçün də "karkaz" qurulur. Qavalın üzərində əks etdirdiyim günəşin yaradılmasında məftillərdən istifadə etmişəm.
- Sifarişlər haqda danışardınız, mümkünsə.
- Müxtəlif cür sifarişlər qəbul edirəm. Olub ki, hansısa bir üzüyün formasını yaratmaq üçün sifariş qəbul etmişəm.
- Sifarişlər sizi qane edirmi?
- Elə sifariş edilir ki, ürəyimcə olur, yaradacağım həmin işə böyük marağım yaranır. Bəzən isə məndən peşəkarlıqdan kənar bir iş tələb edilir. Peşəkarcasına bir iş ərsəyə gətirmək üçün çalışıram ki, sifarişçini maarifləndirim, öz baxış tərzimizi ona qəbul etdirim. Tutaq ki, sifarişçi atın bir tərzdə duruşunu əks etdirən heykəl istəyir. Halbuki anatomiyaya görə, at o bu cür dayana bilməz. Çünki hərəkət də müəyyən mənanı ifadə edir. Heyvanlar kimi insanların da özünəməxsus duruş tərzi var. Necə ola bilər ki, şair idmançı kimi dayansın?!
- Qiymətlər necədir və daha çox hansı amillərdən asılı olaraq dəyişilir?
- Bizim sənətdə qiymətlər fərqlidir və müxtəlif amillərdən asılıdır. Elə məşhur heykəltəraş ola bilər ki, xırda bir iş üçün fantastik qiymət oxusun. Məsələn, Pikassonun bir cızma-qarası sərgilərdə milyon dollara satılır. Elə şəxslər var ki, sırf heykəltəraşın adına görə ona müraciət edir.
- Materialın da qiymətə təsiri var?
- Qiymətlərin aşağı və yuxarı olması materialdan asılıdır. Əgər material bürüncdəndirsə, o zaman həmin heykəli daha baha satırıq. Çünki bu işi hazırladıqdan sonra bürüncün tökülməsi üçün onu xüsusi sexlərə veririk. Bu sexlər işini bitirib həmin əsəri bizə qaytarır, sonra bir az da rəndələyib sifarişçiyə təhvil veririk. Bürüncdən olan elə heykəl var ki, qiyməti 2 min manat olub. Lakin onu da deyim ki, bu gün Azərbaycanda heykəltaraşlığa verilən qiymət bəzi ölkələrlə müqayisədə aşağıdır.
- Eskizlərin qiymətləri necədir?
- Sifarişçi yüksək məbləğ verdikdə və fikri qəti olduqda, eskizə görə əlavə pul istəmirəm. Belə olmadıqda isə, eskizi ayrılıqda 500-1000 manat arasında satıram.
- Müxtəlif heykəllərin yaradılmasında rəssamlığın necə, sizə nəsə bir köməyi olurmu?
- Rəssamlığın heykəltəraşlığa təsiri böyükdür. Düşünürəm ki, rəssamın az-çox bütün elmlərdən məlumatı olmalıdır. Müəllimim Fuad Salayev deyirdi ki, "sən əgər anatomiyanı mükəmməl öyrənsən, çox şeyin sirrini, açarını biləcəksən". O zaman cavan idim, sözün məğzini anlamırdım. Lakin illər keçdi, anladım ki, təbiətdə, bütün sahələrdə konstruksiyalar skelet əsasında qurulub. Hər bir işdə insan anatomiyasına gərək var. Elə proporsiya anlayışı da insanın ölçülərindən əmələ gəlir. Ola bilməz ki, insan 1.85 boy ilə 32 ölçü ayaqqabı geyinsin.
- Sizcə, öncəki illərin heykəltəraşlığı ilə indiki heykəltəraşlıq, rəssamlıq arasında dəyişən nədir?
- Müasir incəsənətdə bütün pərdələr yırtılıb. Hər şeyi göstərmək düzgün deyil. O zaman da qadının çılpaq rəsmi çəkilirdi. Amma rəssam bununla qadın gözəlliyini, ecazkarlığını göstərməyə çalışırdı, çirkin tərəfləri yox. Öncələr insanlar eyiblərini örtərdilər. Amma indi insan eybini açmaq, onu göstərmək maraqlı olub.
- Bir əsər üzərində işləyərkən özünüz üçün necə bir ab-hava yaradırsınız?
- İşləyərkən hərdən musiqi dinləyirəm, bundan zövq alıram. Akustik gitara ifalarını daha çox sevirəm. Xatırlayıram, illər öncə belə bir musiqi sədasının altında ispan gitaristini işləmişdim. Hər bir iş üçün nəsə mənə toxunur, cuşa gətirir. Daha sonra qollarımı çırmayıb işə başlayıram. Amma onu da deyim, olur ki, günlərlə bu emalatxanaya ayaq basmıram. İnsan gərək işə acısın, acıyanda o iş çox gözəl alınır. Bəzən elə olur ki, bir gecədə 10 günlük işimi görürəm.
- Qadın dəyişkənliyini əks etdirən əsəriniz də maraqlıdır. Bu haqda danışardınız.
- Burada, sanki qadınların eyni anda yaşadığı müxtəlif hisslər əksini tapır.
- Heykəltəraşlıqda qazanc o qədər də çox deyil. Başqa hansı işlə məşğul olursunuz?
- Dizaynla da məşğul oluram. Ya da elə olub ki, heykəltəraşlıqdan bezib, rəsm çəkməklə məşğul olmuşam. Amma özümü heç zaman rəssam kimi tanımamışam.
- Məzarüstü abidələr necə, hazırlamısız?
- Məzarüstü abidələr hazırlamaqda maraqlı deyiləm. Amma sifariş olsa, demərəm ki, işləmirəm.