BAKI, 19 yanvar — Sputnik. Azərbaycan özəlliklərindən birinin tamamilə səssiz olması olan “SkyStriker” kimi döyüş sursatını ilk dəfə əldə edəcək. Bunu Sputnik Azərbaycan-a hərbi ekspert Üzeyir Cəfərov bildirib.
İsrailin müdafiə konserni olan Elbit Systems Azərbaycan Silahlı Qüvvələrinin cəbbəxanasını "SkyStriker" adlı uzaqdan idarə olunan uçuş aparatları ilə zənginləşdirib. Bu barədə İsrailin "Jerusalem Post" qəzeti məlumat yayıb. Burada bildirilir ki, Azərbaycan sözügedən hərbi komponenti əldə edən ilk xarici ölkədir.
Cəfərov xatırladıb ki, Azərbaycanla İsrail arasında bir sıra sahələrdə, eləcə də hərbi-texniki sahədə çox sıx əlaqələr mövcuddur. İsrail müntəzəm olaraq Azərbaycanı zəruri silah, texnika və döyüş sürsatı ilə təmin edir.
Ekspertin sözlərinə görə, Azərbaycan artıq İsrailin silah konserni ilə razılıq əldə edib. Bu razılaşmaya əsasən artıq bu ilin birinci rübündə sözügedən sürsat Azərbaycan hərbçilərində olacaq. Eyni zamanda o, bu komponentin ön cəbhə xəttindəki qoşunlar üçün ciddi vəsait olduğunu, düşmənin canlı qüvvəsinin və texnikasının vaxtında aşkarlanması və məhv edilməsi üçün istifadə ediləcəyini bildirib.
Sputnik Azərbaycan-ın həmsöhbətinin sözlərinə görə, Azərbaycan ilk dəfədir ki, belə bir döyüş texnikası əldə edəcək. Buna qədər Azərbaycan ordusunda digər ölkələrin istehsalı olan baraj tipli döyüş texnikası olub. Lakin onların göstəriciləri İsrailinkilərə nisbətən zəifdir. İsrailin silahları və hərbi texnikası indiyədək mövcud olanlardan daha güclü və daha müasirdir.
"Bu hərbi texnikanın taktiki-texniki xarakteristikası Azərbaycanda mövcud olan digər oxşar döyüş texnikasından xeyli fərqlənir. Onlar daha çox dəqiqliyə və uzaq məsafələrdəki hədəfləri vurmaq qabiliyyətinə malikdirlər " - Cəfərov bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə İsrail Azərbaycana həmçinin rabitə avadanlıqları və digər məqsədlər üçün silahlar göndərəcək.
Öz növbəsində hərbi ekspert, "Avrasiya.Ekspert" portalının müəllifi Aleksandr Yermakov bildirib ki, baraj tipli döyüş texnikası yüksələn xətt üzrə inkişaf edən silahlara aiddir. Faktiki olaraq bu, birdəfəlik "PUA-kamikadze"dir. O, hədəf sahəsinə buraxılandan bir müddət sonra onu məhv edir. Özü də bunu bomba və yaxud raket vasitəsilə deyil, daxili enerjisi sayəsində özünü hədəfə çırpmaq yolu ilə edir.
"Bununla yanaşı, əgər layiqli hədəf tapılmasa, bu dron geri qayıda və endikdən sonra təkrar istifadə edilə bilər" - deyə Yermakov bildirib.
Ekspert deyib ki, əgər biz "SkyStriker"dən danışırıqsa, burada söhbət 5 və ya 10 kiloqramlıq başlığa malik, məhvetmə məsafəsi "20 km-ə qədər" olan rəqəmsal cihazdan gedir. Bu, iri çaplı mərmi ilə müqayisə edilə bilər və onun mövcud olduğu sahədə maneə yaratma vaxtı iki və ya bir saatdır. Maksimal sürət yığdıqda (180 km/saat) bu elektrik mühərrikli kiçik təyyarənin səsi demək olar ki, eşidilmir.
"Onun taktiki üstünlüklərindən biri də sutkanın qaranlıq vaxtlarında kiçik hədəflərə qarşı təkbaşına gizli zərbələr endirmə qabiliyyətinin olmasıdır" - deyə Yermakov bildirib.
Qeyd edək ki, "Kamikadze dron" o qədər də böyük olmayan pilotsuz uçuş aparatıdır. O, itələmə qüvvəsi verən propeller və elektrik mühərriki ilə təchiz edilib. Çəkisi 35 kiloqram, müxtəlif məqsədli döyüş hissələri isə 5 kiloqramdan 10 kiloqrama qədərdir.
"SkyStriker" iki saata qədər havada qala bilir. Dronu idarə edən şəxs onu hədəfə doğru yönəldə, praktiki olaraq təmas nöqtəsinə çatdıra bilər və eyni zamanda, hücumu ləğv etmək imkanına da malikdir. Uçuş vaxtı diqqətə layiq hədəf müəyyən edilməyibsə, PUA geri qayıda və paraşütün köməyi ilə yerə enə bilər.
Elbit Systems isə İsrail Hərbi sənaye kompleksinin PUA istehsalı üzrə ixtisaslaşmış dünyaca məşhur şirkətidir. O, İsrail silahlarını istehsal edən bəlkə də dünyanın ən böyük və ən məşhur özəl silah istehsalçısıdır.
Hərbi sahə ilə maraqlanan oxuculara, yəqin ki, İsrailin "Israel Aerospace Industries" (IAI) və Rafael şirkətləri tanışdır. Amma onlar dövlət şirkətləridir. Qeyd etmək lazımdır ki, Azərbaycan ordusunun ixtiyarında artıq İsrailin "Israel Aerospace Industries" (IAI) şirkətinin istehsalı olan "Harop" və "Aeronautics Defense Systems" (ADS) şirkətinin istehsalı olan "Orbiter 1K" ("Zərbə-K") birdəfəlik kiçik zərbə PUA-ları var. 2016-cı ilin aprelində dördgünlük müharibənin gedişində həmin PUA-lardan erməni mövqelərinə zərbələrin endirilməsində istifadə edilib. "Rafael" şirkəti isə Azərbaycanın döyüş vertolyotlarını modernizə edilmiş "Spike" raketləri ilə silahlandırır.
IAI "Harop"dan fərqli olaraq, "SkyStriker" və ADS "Orbiter 1K", demək olar ki, səssizdirlər, çünki onlar elektrik mühərrikləri ilə hərəkətə gətirilirlər.