CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt və bəzi rayonlarda fəaliyyət göstərən notariat kontorları ləğv ediləcək

© Photo : © Facebook / ASAN XidmətSəyyar ASAN Xidmət
Səyyar ASAN Xidmət - Sputnik Azərbaycan
Abunə olmaq
"ASAN xidmət" mərkəzinin olmadığı yerlərdə isə notariat kontorları fəaliyyət göstərəcək

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. Bakı şəhərində, habelə "ASAN xidmət" mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində notariat fəaliyyəti yalnız "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin yanvarın 17-də imzaladığı "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanda əksini tapıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bir çox dövlət qurumlarının səlahiyyətləri "ASAN xidmət"ə verildi - RƏSMİ

Hüquqşünas Azər Nağıyev Sputnik Azərbaycan-a açıqlamasında dövlət başçısının bu fərmanını şərh edib. O bildirib ki, bundan sonra hansı ərazidə "ASAN xidmət" mərkəzi varsa, notariat fəaliyyəti yalnız həmin mərkəzdə həyata keçiriləcək.

"İndiyədək eyni ərazidə həm "ASAN xidmət" mərkəzi var idi, həm də notariat kontorları, paralel fəaliyyət göstərirdi. Amma bundan sonra "ASAN xidmət" mərkəzlərinin olduğu inzibati ərazi vahidlərində notariat kontorları ləğv ediləcək. Məsələn, Quba, Masallı və Qəbələ rayonlarında həm "ASAN xidmət" mərkəzi var, həm də notariat kontorları. Amma bundan sonra həmin ərazilərdəki notariat kontorların fəaliyyəti dayanacaq" - deyə hüquqşünas vurğulayıb.

Onun sözlərinə görə, hər iki qurum eyni səlahiyyət çərçivəsində sənədləri təsdiq edirdi və yaxud notariat fəaliyyətinə aid olan bütün xidmətləri göstərirdi: "Əslində, bu qurumlar bir-birilərini təkrarlayırdı. Onların hər birinin maliyyələşməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyi üçün xərclərin optimallaşdırılması baxımından doğru addımdır".

"Bir-birini təkrarlayan qurumlara ehtiyac yoxdur. Amma "ASAN xidmət" mərkəzinin olmadığı yerlərdə notariat kontorları fəaliyyət göstərəcək" – deyə A.Nağıyev əlavə edib.

Qeyd edək ki, fərmana əsasən, Bakı şəhərində, habelə "ASAN xidmət" mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Prezidentin 2012-ci il 5 sentyabr tarixli fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcək.

Xəbər lenti
0