BAKI, 17 yanvar — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin ifrat dərəcədə dəyişəcəyi ilə bağlı yaydığı xəbərdarlıqdan sonra bir sra qurumlar gücləndirilmiş iş rejiminə keçib. Belə havalarda küçədə yaşayan səfillər də diqqətdən kənarda qalmayıb.
Zabrat qəsəbəsində yerləşən sığınacağın rəhbəri Anar İbrahimov Sputnik Azərbaycan-a bildirib ki, hava şəraiti ilə əlaqədar onlara da müraciətlər daxil olub: "Ötən gecədən etibarən 20 müraciət daxil olub. Onlardan biri artıq sığınacağa yerləşdirilib. Həmin şəxs polislər tərəfindən sığınacağa gətirilib. Bura gələrkən çox pis vəziyyətdə idi, həm də içkili idi".
A.İbrahimov həmin şəxs haqda müəyyən məlumatlar da verib: "Həmin şəxs 1957-ci il təvəllüdlü olduğunu deyir. Özünü Abdullayev Rasim kimi təqdim edir. Lakin onun dediyi bu məlumatların nə dərəcədə düzgün olduğunu deyə bilmərəm. Çünki şəxsin ruhi problemləri həddindən artıq çoxdur, özünü idarə edə bilmir. Həmin şəxsin artıq ruhi dispanserə yerləşdirilməsi üçün müraciətlər etmişik".
Sığınacaq rəhərinin sözlərinə görə, bu saatlarda sığınacağa 3-4 nəfərin də gələcəyi gözlənilir.