BAKI, 17 yanvar — Sputnik. Peruda kütləvi şəkildə basdırılmış 132 uşaq və 262 lama qalıqları tapılıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qalıqlar çimu mədəniyyətinə aiddir. Bu barədə perulu arxeoloq Qabriel Prieto danışıb.
"Son məlumata görə, 132 uşaqdan 10-u çimu elitasına aid olub. Onlar lələklərdən düzəldilən baş örtüyündə və çox yüksək keyfiyyətli geyimlərdə basdırılıblar" – deyə alim qeyd edib.
Ölkənin şimalında Uançako rayonunda arxeoloji işlər 2016-cı ildən davam edir. Uşaqların yaşı 6-14 olaraq təxmin edilir.
Yeni kəşf sübut edir ki, çimu mədəniyyətində təkcə alt təbəqənin deyil, eyni zamanda yüksək elit təbəqənin uşaqları da qurban edilirmiş.
Bunu bəzi uşaqların lüks şəkildə dəfn edilməsi də göstərir.
Alimlər belə hesab edir ki, qurbanvermənin əsas məqsədlərindən biri hava ilə bağlı hadisələrin olmaması üçün edilirmiş. Ancaq çimu mədəniyyəti hələ ki, az öyrənilib.