BAKI, 15 yanvar — Sputnik. “Türkiyə təhdidlərdən qorxmur. Biz ac, susuz qalarıq, amma lazım olanı edəcəyik. Birləşmiş Ştatlar və bütün digər ölkələr Türkiyəyə kifayət qədər hörmətlə yanaşmalıdır”.
Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Trampın Türkiyəni təhdidinə cavab verərkən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Strateji tərəfdaşlıq sosial şəbəkələrdə müzakirə olunmur. Bizim ABŞ-la əlaqə üçün rəsmi kanallarımız var. Biz iki gün əvvəl ABŞ dövlət katibi Mayk Pompeo ilə danışmışıq, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Türkiyəyə səfərə gəlmişdi. Biz görürük ki, qoşunları Suriyadan çıxarmaması üçün Trampa böyük təzyiq edilir. O, olduqca çətin vəziyyətdədir. Belə mövzuları sosial şəbəkələr vasitəsilə müzakirə etmək lazım deyil" - deyə Çavuşoğlu bildirib.
ABŞ-ın dövlət katibi Mayk Pompeo da prezident Donald Trampın Türkiyəyə iqtisadi sanksiya tətbiq edə biləcəkləri barədə yazdıqlarına münasibət bildirib.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Pompeo, ABŞ prezidentinin "Əgər Türkiyə kürdlərə zərbələr endirsə, onun iqtisadiyyatına qarşı təzyiqlərə başlayacağıq" sözlərindən danışıb. Dövlət katibi deyib ki, Trampın Türkiyə ilə bağlı dediklərini özündən soruşmaq lazımdır: "Sanksiyalar və ya buna bənzər tədbirlərdən bəhs etdiyini zənn edirəm".
Qeyd edək ki, daha əvvəl Birləşmiş Ştatlar prezidenti Donald Tramp Suriya kürdlərinə hücum edəcəkləri təqdirdə, Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edəcəklərini bildirib.
"Çoxdan gözlənilən, qoşunlarımızın Suriyadan çıxarılması prosesinə başlayırıq. Eyni zamanda, İŞİD-in bu regionda olan azsaylı üzvlərinə zərbələr endiririk. Əgər İŞİD yenidən formalaşsa, yaxınlıqda olan bazadan təkrar zərbələr endirəcəyik" - deyə Ağ Ev rəhbəri vurğulayıb.
"Əgər Türkiyə kürdlərə zərbələr endirsə, onun iqtisadiyyatına qarşı təzyiqlərə başlayacağıq" - Tramp əlavə edib.
Qeyd edək ki, 2018-ci il dekabrın 24-də ABŞ prezidenti qoşunların Suriyadan çıxarılması haqqında sərəncam imzalayıb. Ağ Ev tərəfindən qoşunların çıxarılması barədə bəyanat verildikdən sonra ABŞ müdafiə naziri Ceyms Mettis və ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerq istefaya gedib.
Onu da xatırladaq ki, bu ilin yanvar ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya səfər edəcək. O, burada Rusiya lideri ilə Suriyadakı vəziyyəti müzakirə edəcək.