CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pəri nağılları – Sənəti ilə xoş duyğular aşılamaq istəyən miniatür ustası

Abunə olmaq
20 ildir miniatür sənəti ilə məşğul olan Pərinisə Əsgərova öz rəsmlərində klassik Təbriz miniatür üslubunu tətbiq edir. Və Təbriz miniatür məktəbinə olan marağı onu bu sahəyə yönəldib.

Amma Pərinisə xanım son zamanlar klassik miniatür məktəbindən bir qədər uzaqlaşıb, əsərlərinə müasir elementlər də əlavə edir. Bunun səbəbini isə özü belə izah edir:

“Müasir dövrümüzdən, məni narahat edən hisslərdən, həmçinin ümumi, dünyəvi, insani hissləri əlavə etmişəm. Sırf klassik miniatür onları göstərmək imkanı vermədiyi üçün, müasir elementlər qatmışam”.

Miniatür ustası xarici ölkələrdə sərgi və festivallara qatılıb. Türkiyədə üç fərdi sərgisi keçirilib. Rəssam təəssüflə deyir ki, sənət və sənətçilər ölkəmizdən kənarda daha gözəl qarşılanırlar. O, bunu məişət problemləri, ümumiyyətlə, insanların qayğıları ilə izah edir. Düşünür ki, bu cür problemlər olmasaydı, bəlkə də insanlar sənətə daha yaxın ola bilərdilər.

Pərinisə xanım Azərbaycanda miniatür məktəbinin olmamasından təəssüflənir. Hətta bir vaxtlar özü bu cür məktəb açmaq fikrində olub. Amma müxtəlif səbəblərə görə, məktəb xəyalı heç başlamadan sona çatıb. Buna baxmayaraq, məktəb açmağın hələ də ən böyük arzusu olduğunu deyir.

“Miniatür həyatımdakı ən gözəl şeydir. Bunu sadəcə özüm üçün və ya işləyib satmaq üçün etmirəm. Daha böyük, daha geniş, arzularıma layiq şəkildə davam etdirmək istəyirəm.”

Rəssam öz işləri ilə daha xoş hisslərini, daha gözəl ideyalarını çatdırmaq istəyir. Deyir ki, onsuz da problemlərlə dolu dünyamızın daha çox kədərə ehtiyacı yoxdur.

İlk sərgisi “Pəri nağılları” adlanıb. Pərinisə xanımın məqsədi də insanları bir az nağıllara, rənglərə, musiqi və şerə kökləməkdir. Çünki o inanır ki, daxilində rəng, şer, musiqi və sözə sevgi olan insanlar pislik edə bilməzlər.

Xəbər lenti
0