BAKI, 15 yanvar — Sputnik. "Baş İdarə tərəfindən vətəndaşların 8058 müraciətinə baxılıb, həmçinin 310 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 222-si (71,7%) üzrə cinayət işi başlanmış, 88 (28,3%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 61 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisi Kamran Əliyev 2018-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
O, qeyd edib ki, korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədi ilə yaradılmaqla Baş İdarə ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan "161-Qaynar xətt" əlaqə mərkəzinə hesabat dövründə 3854 müraciət daxil olub, həmin müraciətlərin 19-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.
Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülən tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulan hüquqları bərpa edilib və aşkar edilən qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.
K.Əliyevin sözlərinə görə, hesabat dövründə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində 25 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilib məlumatlar əsasında isə 24 cinayət işi başlanıb.
2018-ci il ərzində Baş İdarədə 431 şəxs barəsində 278 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Həmin cinayət işlərindən 121 şəxs barəsində 68 iş mənimsəmə və israf etmə, 86 şəxs barəsində 55 iş dələduzluq, 33 şəxs barəsində 21 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 13 iş rüşvət alma (passiv rüşvətxorluq), 46 şəxs barəsində 36 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 120.0 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 53.3 milyon manatın ödənilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 34.2 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulan maddi ziyanın 73 %-nin ödənilməsi təmin edilib.
Bununla yanaşı, törədilmiş və ya hazırlanan korrupsiya ilə əlaqədar hüquqpozmalara dair baxılmış məlumatlar üzrə araşdırma müddətində 2.6 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib.