BAKI, 15 yanvar — Sputnik. Xəbər verildiyi kimi bu gün Bakı Apellyasiya Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, N.İsrafilovun apellyasiya şikayəti qismən dəyişdirilib. Belə ki, onun 10 il azadlıqdan məhrumetmə cəzası 8 ilə endirilib.
Sputnik Azərbaycan qərar ilə bağlı Fəridə Əzizovadan açıqlama alıb. O, deyib ki, hakimlərin verdikləri cəza ilə razıdır: “Mən məhkəmənin gedişatından razıyam. Qanun nə tələb edirsə, o qədər cəza verilib. Heç bir etirazım yoxdur”.
Qeyd edək ki, 2016-cı ilin sentyabrında Azərbaycanın taekvondoçu Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 67 min manat pul olan seyf oğurlanmışdı. Hadisəni törədən Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilmişdi. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları həbs etmişdi.