BAKI, 14 yanvar — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp Suriya kürdlərinə hücum edəcəkləri təqdirdə, Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edəcəklərini bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Donald Tramp öz "Twitter" səhifəsində yazıb.
"Çoxdan gözlənilən, qoşunlarımızın Suriyadan çıxarılması prosesinə başlayırıq. Eyni zamanda, İŞİD-in bu regionda olan azsaylı üzvlərinə zərbələr endiririk. Əgər İŞİD yenidən formalaşsa, yaxınlıqda olan bazadan təkrar zərbələr endirəcəyik" - deyə Ağ Ev rəhbəri vurğulayıb.
"Əgər Türkiyə kürdlərə zərbələr endirsə, onun iqtisadiyyatına qarşı təzyiqlərə başlayacağıq" - Tramp əlavə edib.
Qeyd edək ki, 2018-ci il dekabrın 24-də ABŞ prezidenti qoşunların Suriyadan çıxarılması haqqında sərəncam imzalayıb. Ağ Ev tərəfindən qoşunların çıxarılması barədə bəyanat verildikdən sonra ABŞ müdafiə naziri Ceyms Mettis və ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerq istefaya gedib.
Onu da xatırladaq ki, bu ilin yanvar ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya səfər edəcək. O, burada Rusiya lideri ilə Suriyadakı vəziyyəti müzakirə edəcək.