BAKI, 14 yanvar — Sputnik. "Bir-neçə gün bundan öncə yeni istifadəyə verilən və Bakı Dairəvi-1 avtomobil yolu ilə Şərifzadə küçəsini birləşdirən avtomobil yolu ilə bağlı bəzi xəbər saytlarında dəqiqləşdirilməmiş məlumat gedib. Məlumatlarda qeyd edilirdi ki, guya bu yol yeni istifadəyə verilməsinə baxmayaraq artıq problemlər yaranıb, qazıntı işləri aparılır".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli öz "Facebook" səhifəsində qeyd edib. O, bildirib ki, bəziləri bildi-bilmədi, başı çıxdı-çıxmadı əlinə telefon alıb başlayır nəsə çəkməyə, sonra sosial şəbəkələrdə paylaşır və bunu bəzi xəbər saytları məsələnin nədən ibarət olduğunu dəqiqləşdirmədən sensasiyalı bir xəbər kimi paylaşırlar.
"Bir neçə gün öncə yolda qazıntı işlər aparıldı. Əslində ərazidə heç bir problem yox idi. Qazıntı işləri ərazidən keçən kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyü ilə bağlı idi. Bilirsiniz ki, yollarda təmir işləri yekunlaşandan sonra altda qalan baxış qapaqları asfalt hündürlüyünə qaldırılır ki, sürücülər üçün problem olmasın" – deyə Nəcəfli bildirib.