BAKI, 11 yanvar - Sputnik. “Media əlində dəqiq məlumat olmadan hansısa bölgədə “donuz qripi”nin olması haqda informasiya yayıb, xof yaratmamalıdır. Azərbaycanda “donuz qripi” yoxdur". Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev donuz qripi ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, ölkəmizdə “donuz qripi” yayılarsa və epidemik həddi ötərsə, bu zaman vaksinasiyaya başlanılacaq: "Nazirliyin bununla bağlı xüsusi əmri var. Bu gün Azərbaycan səhiyyəsi də “donuz qripi” ilə mübarizə aparmağa imkan verir. Əminliklə deyə bilərəm ki, Azərbaycan səhiyyəsi, tibbi müəssisələri dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə oluna bilər".
Baş epidemioloq qeyd edib ki, “donuz qripi” də digər infeksion viruslar kimidir. Sadəcə olaraq bu virus ilk dəfə olaraq donuzda aşkarlandığından belə adlanır.
İ.Ağayev binalarda nazirliyin adından dezinfeksiya işləri görərək pul qazanan şəxslərin artıq saxlanıldığını da vurğulayıb.
1 nömrəli Respublika Kliniki Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin baş həkimi Mahir Rəhimov isə “donuz qrip”i haqqında məlumat verib: "Qrip virusların əlamətləri oxşardır. Sadəcə olaraq “donuz qripi”nə yoluxanlar arasında ölüm hallarının olmasına səbəb stafilokok mikrobdur. Belə xəstələrin ölümünə səbəb qeyd etdiyimiz mikrobla yanaşı pnevmaniya halıdır ".
M.Rəhimov bildirib ki, hazırda donuz qripinə görə vaksinlər olmasa da, mövsümü qriplərə qarşı vaksin mövcuddur.
Şöbə rəhbəri, həmçinin xəstəlikdən qorunma yollarından da danışıb: "Bunun üçün ilk olaraq gigiyenik qaydalara əməl etmək lazımdır. Əlləri tez-tez yumaq, 3 qatlı maskalardan istifadə etmək, vitamin c ilə zəngin qidalar qəbul etmək, meyvələrə daha çox üstünlük vermək tövsiyə olunur. Hər kəs özünün həkimidir. Hamı özünü qorumağa çalışmalıdır".
İ.Ağayev xəstəlikdən qorunmaq üçün bəzi tələblərə riayət edilməsinin vacibliyini vurğulayıb: "Əvvəllər qadınlar, son zamanlar isə kişilər arasında öpüşüb görüşmə tendensiyası yayılıb. Belə olan halda virus daha tez yayılır".