BAKI, 9 yanvar — Sputnik. Bu yaxınlarda start götürən "Yersiz İstehsal" adlı musiqi layihəsində "Azərbaycanın səsi" vokal şousunun qalibi Emiliya Yaqubova Azərbaycan musiqi alətlərinin müşayiəti ilə İrlandiyanın “The Cranberries” rok qrupunun məşhur hitlərindən biri olan “Zombie” mahnısını ifa edib.
Sputnik Azərbaycan xəbər verir ki, müğənninin ifasının videoçarxı layihənin YouTube səhifəsində yayımlanıb. Layihənin prodüserləri Azərbaycanın milli musiqi alətlərinin nəyə qadir olduğunu bütün dünyaya göstərmək istəyən Nigar Hacızadə və Emin Əfəndidir.
Layihədə peşəkar musiqiçilər komandası işləyir. Onlar dünyada məşhur olan hitləri Azərbaycanın milli musiqi alətlərinin səsini əlavə etməklə yazırlar və dinləyicilərə həmin kompozisiyanı yeni aranjemanda təqdim edirlər. Layihənin musiqi rəhbəri Anar Keytarmandır. Layihəyə start Maykl Ceksonun “Black or White” mahnısı ilə verilib. Qısa müddətdə həmin çarx sosial şəbəkələrdə böyük baxış toplayıb.
Müqayisə üçün “Zombie”nin orijinal versiyasını “The Cranberries”in ifasında təqdim edirik.
İlk dəfə 1994-cü ildə ifa edilən bu mahnı qrupun ən məşhur hitlərindən biridir. Mahnı Avstraliyanın, Fransanın, Almaniyanın, Belçikanın milli musiqi çartlarında ən yaxşı pillədə yer tutub. O, İngiltərədə terror aktı zamanı ölmüş iki oğlana həsr olunub.